"Yeni Fəaliyyət Planı sahələrin inkişafına əlavə mühüm təkan olacaq" - Nazir

   "Yeni Fəaliyyət Planı sahələrin inkişafına əlavə mühüm təkan olacaq" -    Nazir
  05 Aprel 2022    Oxunub:1002
“Avropa Şurası insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin qoruyucusu kimi özünü Avropanın mənəvi kompası və vicdanı kimi bərqərar edib".
AzVision.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Azarbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı deyib. O bildirib ki, məhz buna görə Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir.

"Ötən il 20 illiyini qeyd etdiyimiz bu mötəbər təşkilata üzvlüyümüz dövründə ölkəmiz qeyd olunan sahələrdə beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan bir çox nailiyyətlər əldə edib. Avropa dəyərlərinə daim sadiq qalan Azərbaycan 2014-cü ildə ilk dəfə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib.

Faydalı əməkdaşlığımız çərçivəsində qəbul olunmuş 2 Fəaliyyət Planının uğurlu icrası nəticəsində milli qanunvericiliyimiz təkmilləşdirilmiş, Avropa Konvensiyalarının implementasiyası, gender bərabərliyi, medianın inkişafı, məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və digər sahələrdə tərəqqi əldə olunub.

Bu gün təqdimatı keçirilən və genişliyi ilə fərqlənərək 22 prioriteti əhatə edən yeni Fəaliyyət Planı bu sahədə əlavə mühüm təkan olacaq.

Fəaliyyət Planında insan haqlarının təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə və məhkəmə islahatlarının dəstəklənməsi, gənclik və media potensialının gücləndirilməsi, korrupsiyaya qarşı tədbirlərlə yanaşı insan alveri ilə mübarizə, ətraf mühitin qorunması, süni intellektin tətbiqi kimi müasir çağırışlara uyğun yeni sahələr də təsbit olunub. Bu da mütərəqqi dəyərlərə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyimizin göstəricisidir.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, ali dövlət orqanları və yüksək məhkəmələr, müxtəlif nazirliklər, hüquq-mühafizə orqanları, ali təhsil müəssisələri və digər qurumlarla yanaşı Ədliyyə Nazirliyi də Fəaliyyət Planının bir çox istiqamətləri üzrə milli tərəfdaşdır".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti