Təhsil Tələbə Krediti Fondunda deputatlarla görüş keçirilib

Təhsil Tələbə Krediti Fondunda deputatlarla görüş keçirilib
  08 Aprel 2022    Oxunub:1259
Bu gün Təhsil Tələbə Krediti Fondunda bir qrup millət vəkili ilə görüş keçirilib. AzVision.az xəbər verir ki, görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev, deputatlar Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Könül Nurullayeva, Tamam Cəfərova, Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Etibar Əliyev Rauf Əliyev, Kamilə Əliyeva iştirak edib.
Görüşün gündəliyində Fondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə təqdimat və müzakirələr, 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil tələbə kreditlərinə dair hesabat və millət vəkilləri ilə Fondun müvafiq əməkdaşlıq formatının müəyyən edilməsi məsələləri yer alıb.

Fondun ümumi fəaliyyətinə dair millət vəkilləri tərəfindən bir sıra yeni təkliflər irəli sürüldü, Təhsil Tələbə Krediti üçün müraciət edən tələbələri ən çox maraqlandıran suallar müzakirə edildi. Bölgələrdə fəaliyyət göstərən orta və ali təhsil müəssisələrində Fond haqqında maarifləndirmə işlərinin aparılması, daxili monitorinq bölməsinin yaradılması, təbliğat-təşviqat və reklam məsələləri ilə bağlı daha çox maliyyə vəsaitinin ayrılması kimi təkliflər edildi.

Fondun sədri tərəfindən millət vəkillərinin diqqətinə çatdırılıb ki, payız semestrində 5600-dən çox tələbə təhsil tələbə krediti üçün müraciət edib, 2899 tələbəyə təhsil tələbə krediti ayrılıb, bunlardan 1116-sı sosial, 1783-ü standart təhsil tələbə krediti almışdır. Eyni zamanda ən çox rəsmiləşmə aparılmış iqtisadi regionlar, təhsil müəssisələri və ixtisaslar üzrə statistikaya baxıldı və əldə olunmuş nəticələr ətrafında fikir mübadiləsi aparıldı.

Görüşün gündəliyinə əsasən, millət vəkilləri və Fond arasında vətəndaşlar tərəfindən təhsil tələbə kreditlərinin alınmasına dair daxil olan müraciətlərə baxılması, emalı, operativ cavablandırılması ilə bağlı müvafiq əməkdaşlıq formatı müəyyən edilmişdir.

AzVision.az



Teqlər: Deputat  



Xəbər lenti