“Şüarınıza hörmət edin!” – Aida Eyvazlı “Euronews”a məktub yazdı

      “Şüarınıza hörmət edin!”    – Aida Eyvazlı “Euronews”a məktub yazdı
  12 Aprel 2022    Oxunub:918
Azərbaycanın veteran jurnalistlərindən olan Aida Eyvazlı “Euronews” xəbər kanalının kollektivinə açıq məktub ünvanlayıb. Kanalın “Biz yalnız faktlara güvənirik. Dünyanın hər yerindən doğru xəbərləri veririk” şüarını xatırladan jurnalist yazır ki, son zamanlar bunun əksini müşahidə edir:
“Əslində irqçilik və dövlətlərə dininə görə fərq qoymağınızı 2020-ci ildə Azərbaycanın 44 günlük savaşı dövründə də hiss etdim. Bunu çox açıq surətdə büruzə verirdiniz. Ukrayna Donbası, Krımı rus işğalından xilas etmək istədiyi kimi, biz də 2020-ci ildə Vətənimizin bütövlüyü uğrunda tarixi torpaqlarımızı erməni işğalından xilas etmək üçün döyüşə başladıq. Həmin günlrədə də “Euronews”un efirindən daha çox erməni yalanlarına və feyklərinə yer verilirdi. Bu gün işğalçı Rusiya tərəfndən torpaqları, əraziləri xarabalığa çevrilən, günahsız dinc əhalisi soyqırım edilən, yurdlarından didərgin düşən ukraynalı bacı və qardaşlarımız, dostlarımız haqqında dayanmadan dolğun xəbərlər hazırlayırsınız. Mən də, mənim həmkarlarım da Ukraynada baş verən hadisələrin ən doğrusunu 24 fevral 2022-ci ildən etibarən çalışırıq ki, sizin efirinizdən izləyək. Efirinizi izləyəndə belə qənaətə gəlmək olur ki, Euronews tv-də çalışan redaksiya heyəti insanlara mənsub olduğu dinə və bölgəyə görə efir vaxtı ayırır. Bu münasibət də bir jurnalist kimi məni təəccübləndirməyə bilmir.

Redaksiyasının hər biri əməkdaşına belə bir sual vermək istəyirəm: Siz heç 1992-ci ildə evidən-eşiyindən didərgin düşmüş, yurd-yuvası dağılmış, bütün doğmaları ermənilər tərəfindən vəhşicəsinə yandırılmış, qətlə yetirilmiş Xocalı sakinindən müsahibə aldınızmı? Ata-anasının 1992-ci ilin fevralın 26-da itirən 25 azərbaycanlı uşaqdan xəbəriniz varmı? Ukraynada bu gün dağıntılar altından ata-anasının meyitlərini çıxaran uşaqları həmin o 25 azərbaycanlı uşağına bənzədirəm. Bizim o uşaqlar artıq 30 il böyüyüblər. Onların övladları isə bu gün Ukraynada baş verən qətliamı gördükdə, valideynləri həmin uşqlara deyir ki, “baxın, ermənilər də bizim valideynlərimizi Ukraynada qətl edilən insanlar kimi, uşaqlar kimi vəhşiçəsinə öldürüblər”.

Bu gün Ukrayna rəsmilərinin özü Buçada baş vermiş soyqırımı Xocalıda baş vermiş soyqırıma bərabər tuturlar. Azərbaycan və Ermənistan arasında münaqişə dövründə 300-dən artıq uşaq ermənilər tərəfindən qətlə yetirilib. Təkcə Xocalı qətliamı baş verən gecə yaralanan 487 nəfərdən 76-sı uşaq olub. Xocalı faciəsində 155 uşaq bir və ya hər iki valideynini itirib, 71 uşaq itkin düşüb. O zaman uşaq olan 29 azyaşlı isə hələ də axtarılır. Sizin əməkdaşlarınız erməni respondentlərdən onların uşaqlarının azərbaycanlılar tərəfindən qətlə yetirilib-yetirilməməsi haqqında soruşsa, onlar bu haqda fikirləşib, bir neçə həftədən sonra gəlib sizə yalançı və feyk məlumatlar verəcəklər. Göstərdikləri şəkillər də qətlə yetirilən azərbaycanlı uşaqlarının şəkilləri olacaq. Onlar bunu artıq bir neçə dəfə ediblər. Onlar yalanı danışır, siz isə tirajlayırsınız.

Qarabağ uğrunda apardığı müqəddəs savaşda azərbaycanlılar heç vaxt dinc əhaliyə, uşaqlara güllə atmadılar. Əsla! Biz qadın və uşaqları öldürmürük. Bizim əsgərlər sivil dünyanın sivil qaydaları ilə döyüşüb, öz tarixi torpaqlarını azad edəndə, ermənilərə dəhliz açdılar ki, övladlarını da, unitazlarını da götürüb, zəbt etdikləri torpaqlarımızdan çıxsınlar.

Sizdən bir də soruşuram, niyə dünyada baş verən hadisələrə fərqli pəncərələrdən baxırsınız? Bir də bilirsinizmi, diqqətinizə nəyi çatdırmaq istərdim?! Mart ayının ortalarında Azərbaycan Ordusu ermənilərin əsarətdə saxladığı Fərrux dağını geri aldı. Baxmayaraq ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında “Dağlıq Qarabağ” termininin qüvvəsini itirdiyini bəyan edib, siz hələ də erməni separatçıların fikrini əsas götürərək, yayımladığınız reportajlarda “Dağlıq Qarabağ” ifadəsini işlədirsiniz. Fərrux yüksəkliyinin adını isə ermənilərə xoş olsun deyə “Fruk” və ya “Parux” yazırsınız. Bugünlərdə elə həmin Fərrux dağı ətrafında azərbaycanlıların kütləvi məzarlığı aşkarlandı. Siz bu faktı da görməzliyə vurdunuz. Belə kütləvi məzarlıqlarda ermnilərin əsir apardıqları, 30 ildir ki, xəbər bilmədiyimiz 4000-dən çox vətəndaşımızın basdırıldığı güman edilir. Nə üçün birtərəfli mövqe sərgiləyirsiniz?

Mən inanmaq istəmirəm ki, sizin sərgilədiyiniz belə birtəfəli mövqe insan haqlarını hər şeydən uca tutan Avropanın mövqeyidir. Sizin yayımladığınız xəbərlərdən belə nəticəyə gəlmək olur ki, ancaq avropalı və ya xristian olarsansa, sənin həqiqətlərini deyəcəklər. Əks halda, azərbaycanlı, türk, özbək, uyğursansa, sənin başına gətirilən haqsızlıqlara beynəlxalq aləmdə, əsasən də Avropada efir ayrılmayacaq.

Deyə bilərsiniz ki, siz efirinizdə əsasən Avropa xəbərlərini yayımlayırsınız. Bəs o zaman nədən 6 aprel 2022-ci ildə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistanın prezidentləri ilə Brüsel görüşünü yayımlamadınız?! Axı bu görüşdə Avropa İttifaqı Şurasının Prezidnetti cənab Şarl Mişel Azərbaycan torpaqlarının və ərazisinin toxunulmazlığı haqqında sənədi müzakirə edirdi. Və həmin görüşdəki rəsmi sənədlərdə “Dağlıq Qarabağ” deyil “Qarabağ” sözü qeyd olunub. Azərbaycan həqiqətlərini daha açıq deməyə sizə nə mane olur?!

Mən çox istəyərdim ki, rusların Buçada, Mariupolda yaşayan dinc sakinlərə atdığı bombaları göstərdiyiniz kimi, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək, yəni 44 gün ərzində Gəncə, Mİngəçevir, Tərtər və Bərdəyə atdıqları raketlər nəticəsində həlak olmuş 90 nəfərdən çoxu mülki vətəndaşı (onlardan 30 nəfərdən çoxu qadın, 11 nəfəri isə uşaq idi), müxtəlif dərəcəli ağır bədən xəsarətləri almış 400 nəfərdən çox dinc sakini (onların 100-dən çoxu qadın və 36-sı uşaqdır) də efirinizdə göstərəydiniz.

“Bizim üçün bütün fikirlər vacibdir, Euronews – hərtərfli baxış nöqtəsidir” sizin şüarınızdır. Bəlkə bu səsləndirdiyiniz şüara hörmət əlaməti olaraq, bundan sonra düşmən tərəfin Müstəqil Azərbaycan Dövlətinin və Respublikasının ünvanına tənqid və ya böhtan dolu fikirlərini səsləndirəndə, Azərbaycan tərəfinin də mövqeyini nəzərə alasınız?!”



Teqlər: Euronews  





Xəbər lenti