"Prezidentin yeni binanın açılışında şəxsən iştirakı məsuliyyətimizi daha da artırdı" - Rektor

   "Prezidentin yeni binanın açılışında şəxsən iştirakı məsuliyyətimizi daha da artırdı" -   Rektor
  12 Aprel 2022    Oxunub:1094
Dünən Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışını edib. 2018-ci ildə yaranan İlahiyyat İnstitutu bu günə qədər Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində yerləşirdi.
İnstitun rektoru Aqil Şirinov AzVision.az -a müsahibəsində çox yaxın zamanlarda yeni binaya tam köçəcəklərini qeyd edib. O bildirib ki, müəyyən strukturlar artıq yeni binaya yerləşdirilib:

“Binamız tam hazırdır və yavaş-yavaş köçürük. Yeni binamız müasir standartlara cavab verir, tədris üçün daha münasibdir, müasir avadanlıqlarla təhciz olunub. Beşmərtəbəli binada inzibati və sinif otaqları, kitabxana, kişilər və qadınlar üçün ayrı-ayrılıqda namaz otaqları, həmçinin dəstəmaz və mətbəə otaqları yaradılıb.
Prezidentin İnstitun yeni binasının açılışında şəxsən iştirak etməsi bizim məsuliyyətimizi daha da artırdı. Burada peşəkar fəaliyyətimizi davam etdirməliyik, ölkəmizə dinşunaslıq və islamşunaslıq sahəsində lazım olan kadrları hazırlamalıyıq. Bu kadrlar elə kadrlar olmalıdır ki, onlara dinə təkcə ilahiyyat prizmasından deyil, fəlsəfi, ictimai, psixoloji prizmadan baxa bilsinlər. Onlar dini əsas mənbələrinə uyğun şəkildə, xurafatdan, mövhumatdan uzaq, elmi üslubla insanlara çatdıran kadrlar olmalıdırlar”.

Rektor bildirib ki, İnstitutda mövcud kafedralar olduğu kimi saxlanılacaq və hər hansı dəyişiklik nəzərdə tutulmur:
“İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. İnstitutda bakalavriat səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası üzrə) “Dinin sosiologiyası”, “Dinin psixologiyası”, “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə doktoru üzrə) “Dinşünaslıq”, “Dinin tarixi və fəlsəfəsi” ixtisasları tədris olunur.

Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur.
Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. Hər il bakalavriat üzrə 36 nəfər dinşunaslığa, 36 nəfər isə islamşunaslığa qəbul olunur”.



İlahiyyat İnstitutu bu ilk məzunlarını buracaq. Rektor bildirib ki, məzun olacaq 49 tələbədən bəzisi təhsillərini davam etdirəcək, digərləri də müvafiq yerlərdə işləyəcəklər:
“İslamşunasların məscidlədə fəaliyyət göstərmələri nəzərdə tutulur. Dinşunasların isə başda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olmaqla, dövlətin dinlə əlaqəli şöbələrinin mövcud olduğu yerlərdə fəaliyyət göstərəcək. Onlar eyni zamanda din xadimi kimi də işləyə bilərlər, çünki islam dini onlara da tədris olunur. Məscidlərimizdə boş qalan yerlərdə İlahiyyat İnstitunun məzunlarına təlabat var”.

A.Şirinov qeyd edib ki, İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər:
“İnstitumuzda təhsil ödənişsizdir, tələbələr təqaüdlə, yemək pulu, adlı təqaüdlə təmin olunurlar. Geyimlə təmin olunmaları da nəzərdə tutulur. Yataqxana problemləri olanlara Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə kömək göstərilir, onların bu ehtiyacı da qarşılanır”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti