Fərarinin klounluğu – Ədalət Verdiyevin yazısı

// Seyran Ohanyanı kim və niyə ortaya salıb?

   Fərarinin klounluğu –    Ədalət Verdiyevin yazısı
  15 Aprel 2022    Oxunub:3400
Ermənistan üçün birgə Bəyanatın şərtlərini yerinə yetirməyə ayrılmış uzatma dəqiqələri başa çatır. Həm sərhəd məsələsi, həm də sülh müqaviləsi barədə rəsmi İrəvandan müsbət siqnallar gəlməkdə davam edir. Bu səbəbdən “Hayastan” və “Şərəfim var” bloklarının təmsil etdiyi müxalifət parlamentin iclaslarını boykot edib. Dalana dirənən Ermənistan iqtidarına bundan böyük hədiyyə ola bilməzdi.
Ermənistanın müdafiə naziri olarkən orduda nizam-intizamın ciddi şəkildə pozulduğunu etiraf edən, 2014-cü il, noyabrın 12-də Ermənistana məxsus döyüş helikopterinin Azərbaycan tərəfindən məhv edilməsi zamanı əlindən heç nə gəlməyən, vaxtilə təhqir etdiyi Azərbaycan Ordusunun Şuşaya daxil olmasından 3 gün əvvəl oradan yoxa çıxan Seyran Ohanyan yaxın keçmişini bu qədər tez unutmalı deyildi. “Ermənistan” blokunun deputatı olan Ohanyanın və onun həyat yoldaşının əmlakına keçən ildən həbs qoyulması da faktdır. Buna Ohanyanın orduya rəhbərlik müddətində yol verdiyi mənimsəmələr səbəb olub.

Nədənsə Ermənistan parlamentində kimsə Seyranın uzaq və ya yaxın, amma hər iki halda qaranlıq olan keçmişinə dərindən işıq salmaq istəmir. Ermənistan parlamentində bir nəfər normal deputat tapılmır ki, Ohanyandan heç olmasa bunu soruşsun: “Doğulduğu şəhəri Azərbaycan Əsgərinin yaxınlaşmasından 3 gün əvvəl qoyub qaçan Ohanyan müharibə zamanı Paşinyanın yerinə olsaydı, Azərbaycan Ordusunun irəliləməsinin qarşısını necə və nə ilə ala bilərdi?”

Hazırda müxalifətçi kimi canfəşanlıq edən Ohanyan yaxşı anlayırdı ki, Köçəryan və Sarkisyandan miras qalan, özünün də vaxtilə rəhbərlik etdiyi zəif erməni ordusu ilə Azərbaycanın qarşısında tab gətirmək mümkün deyil. Bunu Müharibəyə qədər fakt və rəqəmlərlə dəfələrlə yazmışdıq. Ohanyanın özü də bunu yaxşı bilirdi, çünki erməni ordusunun qanını soranların arasında o da yer alırdı.

Xocalı qətliamında 366-cı alayın 2-ci motoatıcı taborunun komandiri kimi iştirak edən, sonradan Ermənistanın Müdafiə naziri vəzifəsini daşıyan, hazırda isə müxalif deputat olan Ohanyan Qarabağ Azərbaycanın nəzarətinə keçəcəyinə görə həyəcan təbili çalır. Ermənistan parlamentinə separatçı qurumun əski parçasını sancır, alovlu çıxışlar edir, Qarabağı Ermənistanın tərkibinə qaytara biləcəyi barədə vədlər verir. Onun parlament tribunasına sancdığı əskini iqtidardan olan deputat Vaaqn Aleksanyan yerindən çıxarandan sonra Ohanyan “Biz Qarabağa və Ermənistanın sərhədyanı rayonlarına getdik”,- bəyanatı ilə zalı tərk edərək, həmkarları ilə Xankəndinə yollandı. Amma çata bilmədilər.


Ohanyan və ətrafındakı bir dəstə vətənşüvəni rus sülhməramlılar Ermənistanla Azərbaycan sərhədinin keçdiyi Zabux dərəsində saxladılar. Fərari deputat və komandasının Qarabağ səfəri baş tutmadı. Rus sülhməramlıları 2022-ci ildə ilk dəfə uğurlu bir addım atdılar və terrorçunu Qarabağa buraxmadılar. Bu fakta görə əziyyəti keçən ruslara təşəkkür edirəm.

Ohanyanın müharibə vaxtı fərarilik etdiyi ərazilərə və orada yaşamaqda davam edən ermənilərin yanına hansı üzlə qayıtması çox maraqlıdır. Qarabağ erməniləri də anlamalıdırlar ki, heç də bütün ölkələrdə parlamentdə təmsil olunan deputatlar intellektual və səmimi insanlardan ibarət olmur. Hazırda dünyanın əksər ölkələrində Ohanyan tipli kloun deputatlara rast gəlinir, lakin onların ən həyasızı Ermənistan parlamentindədir. General-fərari-deputat-klounun bu sirk nömrələrindən sonra Jirinovskinin qəbirdəki antitürk sümüklərinin sızıltısı bəlkə də Daşbaşı yüksəkliyində belə eşidilib...

Azərbaycan və Ermənistan arasındakı münaqişədən, bu münaqişədə Ohanyan və onun rəhbərlərinin fəaliyyətindən azacıq məlumatı olan hər kəsə aydın idi ki, həmin səfər Ermənistanın Azərbaycan ilə münasibətlərin normallaşması istiqamətində atdığı müsbət addımların əksinə yönələn və böyük ehtimalla, R.Köçəryanın şəxsən verdiyi göstərişin əsasında həyata keçirilməli idi. Belə təxribatlarla Ohanyan və Köçəryanın kövrək sülh prosesini beşiyindəcə boğmaq istədikləri şübhə doğurmur.

Halbuki, Ermənistanın son müharibədəki məğlubiyyətinə görə məsuliyyət daşıyanlar arasında D.Tonoyanla bərabər S.Ohanyan, A.Arutunyan, R.Köçəryan və S.Sarkisyan kimi uşaq qatilləri də olmalı idilər. İnanırıq ki, zaman gələcək, onların hər biri törətdikləri cinayətlərə görə Azərbaycan Məhkəməsinin qarşısında cavab verəcəklər.

Azərbaycan Əsgəri Seyranın erməni xalqına “10 qat mühafizəyə malik keçilməz sədd” kimi sırıdığı “Ohanyan səddi”ni bir zərbə ilə darmadağın etmişdi. Heç olmasa Ohanyan geniş əraziləri əhatə edən bu sədlərin yaradılması üçün ermənilərin ödədiyi vergilərdən formalaşan ordu büdcəsini canavarcasına dağıtdığına görə üzr istəməli idi. Buna da cəsarəti çatmadı. Əslində fəraridən və rüşvətxordan cəsarət gözləmək erkək danadan buzov gözləmək qədər mənasızdır.

Ermənistan ilə Azərbaycanın yeganə ortaq nöqtəsi müxalifət düşərgəsinin eyni düşüncə tərzinə malik olmasıdır. Qarabağda döyüşlər gedəndə hər iki tərəfdən övladları gözə dəyməyənlər, indi yüksək səslə “Vətən əldən getdi” hayqırırlar. “Hər iki tərəf üçün eyni zamanda Qarabağ necə əldən gedə bilər?” sualına cavab tapmaq asan deyil. Doğrudanmı, bəzilərinə Azərbaycanın artıq rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə möhkəmlənməsinin, “erməni qızının xilaskarı olan rus əsgəri”nə qoyulan abidənin söküldüyünün mahiyyətini təkrar anlatmağa ehtiyac yaranıb?

Baş nazir Paşinyanı ermənilər istədikləri qədər tənqid edə bilərlər, çünki Nikol çox sayda siyasi-hərbi səhvlərə yol verib, məsuliyyətsiz bəyanatlar səsləndirib və s. Amma bu tənqid edənin özləri, məsələn fərari S.Ohanyan erməni ordusuna və xalqına təxminən eyni miqdarda ziyan vurubsa, o zaman danışmaq haqqını itirir.
Odur ki, Ermənistan müxalifətinin parlamenti boykot etməsi iqtidara ən böyük hədiyyə oldu. Paşinyanın komandası üçün bu müzakirələrin asan olmayacağı bəlli idi, müxalifətin iclasdan imtinası isə gərginliyi bir qədər azaldacaq. Artıq Ermənistan müxalifəti, iqtidarı, diasporu və separatçı rejim arasında milli məsələlərdə belə ciddi çatlar meydana gəlib. Bu gün Ermənistanda mövcud olan bütün siyasi və hərbi qüvvələri birləşdirəcək vahid platforma qalmayıb. Ermənistan cəmiyyətində belə parçalanma heç zaman mövcud olmayıb. Azərbaycan Xankəndinə yaxınlaşdıqca ermənilər 200 il ərzində yaratdlqları miflərdən hər gün bir qədər də uzaqlaşırlar.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Ohanyan   Ermənistan   Qarabağ  





Xəbər lenti