Yəhudi xalqının göstərən gözü – Müsahibə

// Rami Meir: “Rəbbimiz qabımızı işıqla doldurmağa hazırdır”

    Yəhudi xalqının göstərən gözü –    Müsahibə
  17 Aprel 2022    Oxunub:2294
Rami Meir əslən baklıdır, dağ yəhudi mənşəli tanınmış İsrail və rus rəssamı, öz xalqının mənəvi dəyərlərinin həqiqi daşıyıcısıdır. Həyatının missiyası dağ yəhudilərinin mədəniyyətinin gözəlliyini və unikallığını bütün dünyaya göstərməkdir. Həyatını bu az öyrənilmiş mədəniyyəti ilk növbədə nadir tarixi sənədlərə əsasən, öz daşıyıcılarından toplamağa və sənət layihələrinə hopdurmağa həsr edib.
2022-ci ilin mart ayında Bakıdakı Azərbaycan Milli Xalça Muzeyində onun “Bir xalqın tarixi - bütün dünya üçün” adlı fərdi sərgisi keçirildi. Ekspozisiyanı bir mövzu birləşdirirdi: özünəməxsus mədəniyyətə və dilə malik kiçik millət olan dağ yəhudilərinin tarixi və adət-ənənələri.
Rami Meir özü, yaradıcılığı, həyata baxışları haqqında AzVision.az -a danışıb.

- Mən öz biliklərimi sənət vasitəsilə paylaşan tədqiqatçıyam. Xalqım – dağ yəhudiləri haqqında zərrə-zərrə topladığım materiallar sayca 30-dan artıq “Dağ yəhudiləri” rəsm silsiləsində əks olunub. “Bir udum hikmət” kitabımda yəhudi müdriklərinin fikirlərini, həmçinin öz şeirlərimi və aforizmlərimi toplamışam.
Mən həm öz, həm də digər dünya dinlərini öyrənmişəm və öyrənirəm. Məni kainat, həyata və ətraf aləmə məhəbbət, Uca Yaradanın yaratdığı gözəlliklər, insanın kainatdakı rolu mövzuları maraqlandırır.

"Köhnə Bakının küçələri"

Ən çətin və müqəddəs vəzifə olan qadına məhəbbət, Uca Yaradanın yeni həyata bəxş etdiyi gözəllik mövzuları mənim yaradıcılığımda müxtəlif ifa texnikalarında əks olunub.

- Rami, yaradıcılıq fəaliyyətinizin müxtəlif istiqamətləri var. Bu, şüurlu seçimdir, yoxsa qəlbinizin səsi?
- Mən sənətin bir neçə sahəsi ilə eyni vaxtda məşğul oluram: rəssamlıq, ağac üzərində dərin oyma, metallar üzərinə naxışsalma. Boyalarla işləməyə naxış salmaqdan gəlmişəm. Bütün naxışvuranlar kimi daim həndəsi qanunları pozmağa və kətan üzərində həcm yaratmağa çalışıram.
Doğma mədəniyyətimi və fəlsəfəni öyrənmək məni şeirlər, hekayələr və aforizmlər yazmağa vadar edir. Musiqi ilə məktəb yaşlarımdan maraqlanıram, 11 yaşımda şeir yazmağa və onlara musiqi bəstələməyə başlamışam. İlk musiqi albomum “Vanity of Vanities” 2018-ci ildə, ikinci albomum “Khudo Kumek! Chiro Kumek!" isə 2019-cu ildə çıxıb.

Bütün yaradıcı işlərim və layihələrimlə Moskvadakı Rami Meir İncəsənət qalereyasında və ya rəsmi internet saytımda tanış olmaq mümkündür.
Tam əminəm ki, sənətin bütün təzahürləri həzz almaq, müalicə etmək, insan ruhunu və qəlbini sevgi ilə doldurmaq üçün yaradılıb. Sənət vasitəsilə həyatın mənasını milyonlarla insana göstərə bilərsən. Özümü, düşüncələrimi və hisslərimi ifadə etməyi yaradicılıqda tapmağı bacardığım üçün taleyimə minnətdaram.

- 2021-ci ildə hansı yaradıcı layihələr həyata keçirmisiniz?
- Son iki ildə yeni bədii vasitələrlə eksperimentlər aparıram, sənət ənənələri ilə yeni dinamik zaman və onun cəmiyyəti arasında dialoq qururam. Bu gün bunlar yüngül rəsmlərin layihələri, “Dağ yəhudiləri” seriyasından olan rəsmlərimin süjetləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələrdir.

"Qubada toy"

Bunlar həmçinin rəsmlərimin süjetləri əsasında hazırlanmış əl işi xalçalardır: “Uca Yaradan”, “Nar bağı”, “Qırmızı Qəsəbədən olan Quba xalçaçıları” – Azərbaycan “Azərxalça” ASC ilə birgə layihələrdir. Beləcə, tamaşaçının diqqətini materialların parlaqlığı və orijinallığı ilə cəlb edirəm. Prosesdə əsərlə tamaşaçı arasında əlaqə və ideya ötürülməsi yaranır.

- 2021-ci ildə siz STMEGI Beynəlxalq Xeyriyyə Fondunun layihəsi çərçivəsində xalqınızın irsinin qorunması və inkişafı üçün bir çox ictimai layihələrdə iştirak etmiş, eyni zamanda cuhuri dilində mühazirə oxumusunuz.
- STMEGI Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevin cuhuri dili müəllimi olmaq dəvətini böyük həvəs və məmnuniyyətlə qəbul etdim. Mənim üçün əsl xoşbəxtlik biliklərimi ötürmək, dağ yəhudilərinin mədəni irsinin həm cəmiyyətdə, həm də ondan kənarda populyarlaşmasına töhfə verməkdir.
Xalqımın dəyərlərini, müdrikliyini, fəlsəfəsini dünyaya nümayiş etdirməyi özümə müqəddəs borc bilirəm. Elmdə, tibbdə, tarixdə iz qoyan bir çox böyük insanlar cuhuro (Dağ Yəhudiləri) xalqı arasından çıxıb. Cuhuri dili isə əcdadlarımın, valideynlərimin dilidir. Uşaqlıqda nənələrimin danışdığı hekayələr əsasında dünyanı, kainatı tanıdım, həyatın qanunları haqqında təsəvvürüm formalaşdı. Mən məhz bu tərbiyə sayəsində indiki adam olmuşam.

- Bu yaz Bakıdakı Azərbaycan Milli Xalça Muzeyində “Bir xalqın tarixi - bütün dünya üçün” adlı fərdi sərginiz keçirildi. Bu tədbirin yaradıcılığınız üçün nə kimi əhəmiyyəti var?
- Bu mənim doğma Bakı şəhərində ilk fərdi sərgimdir. Sevinirəm ki, rəsmlərimi bu il Xəzərin doğma sahilində gördülər. Sərginin layihəsi genişmiqyaslı beynəlxalq əhəmiyyət kəsb etdi: o, dünyanın bir sıra ölkələrinin - Rusiya, Azərbaycan və İsrailin qarşılıqlı fəaliyyətini birləşdirdi.

"Xəzərin sahili 17-ci əsrdə"

Anlamaq lazımdır ki, dağ yəhudiləri məhz Azərbaycanda sülh şəraitində yaşamaq, əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olmaq imkanı əldə ediblər. Xalqımız Qubanı “Analar yurdu” adlandırır. Çünki analarımız uzun əsrlər boyu oğul və qız övladlarını burada dünyaya gətirib və ilk dəfə doğma cuhuri dilində laylanı burada eşitmişik.
Ekspozisiya həm Azərbaycanda, həm də Rusiya və İsraildə mədəniyyət və incəsənət aləmindən olan insanlardan çox sayda ekspert rəyləri alıb. Əsərlərim əvvəllər İtaliya və Rusiyada keçirilən beynəlxalq sərgilərdə də nümayiş etdirilib.
“Bir xalqın tarixi - bütün dünya üçün” ekspozisiyasına ilk dəfə 2021-ci ildə Moskvada Şərq Dövlət Muzeyində baxılıb. “Dağ yəhudiləri” silsiləsindən olan “Qafqaz gözəlləri” rəsm əsərim daha əvvəl Florensiyada keçirilən sərgidə nümayiş etdirilib.

- 2022-2023-cü illərdə hansı yeni layihələrinizi görəcəyik?
- Növbəti sərgilərlə bağlı Moskva və Bakının bir neçə böyük sərgi salonları ilə danışıqlar aparılır. Onlar təkcə dağ yəhudiləri və yəhudişünaslıq mövzusuna deyil, həm də işimin digər sahələrinə aid olacaqlar.

"Müasir İsrail"

Yəhudi xalqını işləyən infrastrukturlarla birləşdirəcək kənd layihəsinə, bütün xalqın və gələcək nəsillərinin həyatını dəstəkləyəcək, inkişaf etdirəcək təhsil, mədəniyyət, idman və tibb müəssisələrinə aid böyük ideyalar var.
Yəhudilik, Kabbala və insanın kainatdakı rolu sahəsində araşdırmalarımı əks etdirən yeni əsərlər yaratmağı planlaşdırıram.
Eyni zamanda əsərlərimin süjetləri əsasında qiymətli metallardan hazırlanmış sikkələr kolleksiyası üzərində işləməyə davam edirəm.

- Oxucularımıza nə arzulayırsınız?
- Rəbbimiz bizim qabımızı - insanın bədənini, o cümlədən içindəki mənəvi sahəni işıq və təmənnasız məhəbbətlə doldurmağa daim hazırdır.
Hamıya başı üzərində dinc, mavi və gözəl səma arzulayıram!
Hamıya düzgünlük və böyük xoşbəxtlik arzu edirəm!

Seymur Məmmədov
Tərcümə: Nadir Quliyev
AzVision.az


Teqlər: Yəhudi   Rəsm   Mədəniyyət  





Xəbər lenti