Azərbaycan həbsxanasında uşaq doğan boliviyalı qadının qəribə taleyi - VİDEOREPORTAJ+FOTOLAR

Azərbaycan həbsxanasında uşaq doğan boliviyalı qadının qəribə taleyi -  VİDEOREPORTAJ+FOTOLAR
  18 Aprel 2022    Oxunub:9012
Cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə verilib. Məhkumların yeni müəssisələrə köçürülməsi tam başa çatdırılıb. Bu müəsissələrdə 426 qadın, 21 yetkinlik yaşına çatmayan uşaq saxlanılır.
Həbs yatanları bura tale Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin uzaq Latın Amerikası və Pakistandan gətirib. Elə məhbus Mariya Fernandes kimi. Mariya Boliviyada doğulub, boya-başa çatıb. Yaxınlarından təkcə qardaşının sağ olduğunu deyir. Balaca oğlu Aleksandr Azərbaycanda həbsdə olarkən dünyaya gəlib.


Boliviyalı qadın deyir ki, ixtisasca dizayner olub. Ancaq pul lazım olduğu üçün sonradan narkotika satışına qurşanıb. Narkotik vasitələrin Azərbaycana gətirilməsində birbaşa iştirak edib. Beləliklə, onun ziyanlı və asan yolla pul qazanmaq istəyi hava limanında həbs olunması və Azərbaycanda məhbus həyatı yaşması ilə nəticələnib.

“Məni ehtiyac buna vadar etdi. Pul lazım idi. Ona görə də Boliviyadan bura çantalarda narkotika gətirb satırdım. Aeroportda həbs etdilər məni. Oradan da həbsxanaya gətirdilər. Onda hamilə idim. Oğlum Aleksandr həbsxanada dünyaya gəlib. Onun 3 yaşı olacaq. Mən 4 il 8 aydan sonra azadlığa buraxılacağam. Nə anam var, nə də atam. Bir qardaşım sağdır. O xəstə idi, pul lazım olduğu üçün bu yola əl atdım. Mənimlə yalnız uşağın atası və qaynanam əlaqə saxlayırlar".

Mariya Azərbycan hökumətindən xahiş edir ki, həbs müddəti azaldılsın. Çünki oğlunu üç yaşına kimi yanında saxlaya bilər, ondan sonra uşaq evinə veriləcək. "Uşağımın taleyindən narahatam”,- deyir boliviyalı məhbus.



Mariya ilə azərbaycanlı Rəmziyyə Abbasovanı yerləşdiyi otağı bir dəhliz ayırır. Onları birləşdirən cəhət isə keçmişdə eyni əməli törətmələridir. Ancaq talelərindəki oxşarlıq bununla bitmir. Rəmziyyə də boliviyalı dustaq yoldaşı kimi həbs olunarkən hamilə imiş, kiçik oğlu Nicatı da həsxanada dünyaya gətirib. Onun böyük övladının, 17 yaşlı qızının isə qayğısına qadının bacısı qalır.


Şəmkir rayonunda doğulub boya-başa çatan Rəmziyyə danışdıqca göz yaşlarını saxlaya bilmir, evində 4 il saxladığı bir tanışının qurbanı olduğunu deyir. Qadının kədərli gözlərini indi 2 yaşlı övladı güldürür. O, həyatının Nicatını bu balaca oğlanda görür. Söhbətimizə elə həbsxanada hamının sevimlisinə çevrilmiş bu uşaqdan danışaqla başlayırıq.

- 2 yaş 7 aylıqdır Nicat, adını doğulan zaman Səadət həkim qoyub,- deyir Rəmziyyə.- Ağıllı baladır. Hərdən ona deyirəm ki, evə gedəcəksən, bacının yanında qalacaqsan. Deyir, yox, səni də aparacağam. Allah mərdüməzarın evini yıxsın. Kiminsə ucbatından bura gəlib düşdüm. Heç bir günahım yox idi. Mən haradan biləydim ki, 4 il evimdə yeyib-içən adam məni belə bir yerə qədər sürükləyəcək?! Evdar xanım idim. Həbs olunandan sonra həyat yoldaşımla ayrıldıq. 17 yaşlı qızıma indi bacım baxır. Ancaq övladımdan çox narahatam. Həbsdən çıxmağıma 2 il 4 ay qalıb. Burada hər dəqiqə saata baxıram...



Rəmziyyə deyir ki, belə bir tora düşəcəyi ağlına gəlməzdi: "Elə bil quyuya düşdüm. 8 ay çörək yemədim. Gələnim yox, gedənim yox. İndi burada şəraitimiz çox yaxşıdır. Ancaq həbsxanada uşaq saxlamaq çox çətindir. Nicatı burada çox sevirlər. Çox dəcəldir. Bütün məhbus qadınların adlarını çağırır. Həbsdən çıxıb, balalarımı başıma yığmaq istəyirəm”.







Şahanə Rəhimli
Video: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Həbsxana   məhbus   qadın  





Xəbər lenti