İrəvanla Bakının fərqi: Biri etnosid, digəri bəşəri ideallara xidmət edir

         İrəvanla Bakının fərqi:    Biri etnosid, digəri bəşəri ideallara xidmət edir
  18 Aprel 2022    Oxunub:1116
Dünya aprelin 18-ni Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edir. Dinindən, dilindən asılı olmayaraq əksər xalqlar artıq uzun illərdir ki, bu tarixdə həmrəy olur, əsas diqqəti abidələrin, tarixi məkanların qorunmasına, mədəni irsin mühafizəsinə yönəldirlər. Bununla paralel olaraq dünyanın müxtəlif ölkələrində mədəni və tarixi abidələrlə bağlı müşahidə edilən problemlər də gündəmə gətirilir.
Uzun illər İrəvanın etnosid siyasətindən əziyyət çəkmiş Azərbaycan da hər il Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə üzləşdiyi məlum problemləri daha çox beynəlxalq aləmin gündəminə daşımağa çalışır. Ümumiyyətlə bu bir faktdır ki, Azərbaycan hər zaman nəinki öz xalqının tarixi-mədəni abidələrinə, dünya mədəni irsinə də xüsusi önəm verib. Ölkə rəhbərliyinin belə bir həssas mövzuya xüsusi diqqət göstərməsi isə beynəlxalq aləmdə təqdir edilib, alqışlanır. Əlbəttə, abidələrin qorunması və bərpasından danışanda ilk növbədə Heydər Əliyev Fondunun dünyanın dörd bir yanında bu istiqamətdə gördüyü işlər, reallaşdırdığı layihələri qeyd etmək yerinə düşər. Həqiqətən də Fondun bəşəri dəyərlərin qorunmasına verdiyi töhfələrin analoqu yoxdur.

Məhz Heydər Əliyev Fondunun layihələri sayəsində təkcə tarixi-mədəni deyil, eləcə də dini irs də qorunaraq gələcək nəsillərə ötürülür. Fond uzun illər Azərbaycanda yüzlərlə belə layihələr həyata keçirib. Avropa mədəniyyəti və dininə verilən töhfələri isə Azərbaycan adına aparılan ən böyük fəaliyyətlərdən biri saymaq olar.

Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropada dağılmaq təhlükəsi ilə üzləşən bir sıra tarixi və dini məkanlar yenidən əvvəlki görkəminə qaytarılıb. Hər zaman Azərbaycanın beynəlxalq aləmdə xoşməramlı imicini formalaşdırmış Fond təkcə tarixi məkanların, abidələrin bərpasını reallaşdırmır, eyni zamanda, fəaliyyətini yeni mədəniyyət obyektlərinin inşası sahəsində də davam etdirir.

Əgər Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və ölkə xaricində imza atdığı mühüm layihələri xatırlatsaq, dünya mədəni və dini irsinə verilən töhfələrlə bağlı xeyli sayda faktlar ortaya çıxar. Məsələn, 2006-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin – Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, bir il sonra Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, 2008-ci ildə Luvr Muzeyinin bərpası, 2011-ci ildə ikinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, 2012-ci ildə Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılması , Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, 2013-cü ildə Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digərlərini göstərmək mümkündür. Fondun bu istiqamətdə fəaliyyəti, bərpa işləri və yeni mədəniyət obyektlərinin inşası sahəsində aktiv fəaliyyətinə dair faktları sadalamaqla qurtaran deyil.

Azərbaycanın Vatikandakı xeyirxah təşəbbüsləri

Vatikan dünyanın ən çox diqqət mərkəzində olan dini mərkəzlərdən biri sayılıb. Bu mənada Fondun burada reallaşdırdığı layihələr Azərbaycan adına ciddi uğurlar kimi də qəbul edilməlidir. Çünki Vatikanda həyata keçirdiyimiz layihələr dünya xalqlarının diqqətini çəkib. Bundan başqa Fondun layihələrİ Azərbaycan-Vatikan əlaqələrinin inkişafında da xüsusi əhəmiyyət daşıyır. Artıq on ildən çoxdur ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə burada tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir.

Məsələn, Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası reallaşdırılıb ki, bərpadan sonra Mehriban Əliyevanın iştirakı ilə ictimaiyyət üçün açılışı olan bu katakombalara maraq birə-beş artıb. Artıq neçə ildir ki, beynəlxalq ictimaiyyət möhtəşəm freskaları restavrasiya olunmuş həmin katakombaları əvvəlki illərdən fərqli görkəmdə ziyarət edə bilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaxından dəstək göstərdiyi digər mühüm layihə Müqəddəs Sebastian Bazilikasında yaradılmış muzeylə bağlıdır. Sarkofaqları restavrasiya edilərək qorunan muzey yeni görkəm alıb.

Fond xalqımızın tarixi, dini və mədəni abidələrinə də eyni həssaslıqla yanaşır. Ölkəmizin tarixi-mədəni irsinin qorunması artıq Heydər Əliyevin adıyla bağlıdır. Çünki Fond bu istiqamətdə də kifayət qədər böyük işlər görüb, müxtəlif dinlərə məxsus məkanlar bərpa olunub, yaxud da yenidən qurularaq istifadəyə verilib. Bərpa olunmuş tarixi abidələrin sayı isə kifayət qədər çoxdur.

Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin məhz Heydər Əliyev Fondu tərəfindən bərpa olunması, Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə məqbərənin əvvəlki görkəminin qaytarılması sözün həqiqi mənasında tarixi hadisədir. Vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan Vaqif məqbərəsi bu dəfə ulu öndərin adını daşıyan Fond tərəfindən öz tarixi görkəminə qayıdıb. İndi məqbərəni ziyarət edənlər Şuşada Zəfər qüruru ilə yanaşı Azərbaycanın ermənilərin törətdiyi etnosidə layiqli cavab verməsinin də qürurunu yaşayırlar. Çünki Ermənistan dünyaya tarixi-mədəni abidələri dağıdan şər qüvvə kimi tanıdıldığı halda, Azərbaycan bərpa edən, mədəni irsə fərqli yanaşan bir ölkə kimi önə çıxır.


Erməni vandalizmi sərhəd tanımır

Yeri gəlmişkən, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Ermənistanın uzun illər işğal altında saxladığı tarixi torpaqlarımızda törətdiyi vandalizm aktlarını da xatırlatmaq yerinə düşər. 44 günlük Vətən müharibəsindən sonra əzəli torpaqlarımıza qayıdan zaman məlum oldu ki, burada xalqımızın mədəni irsinin böyük bir qismi tamamilə məhv edilib. İrəvan nəinki yüzlərlə dini, mədəni və tarixi abidələrimizi, eləcə də qəbirləri belə yer üzündən silən vandal dövlət kimi bir daha özünü göstərmiş oldu.

Son 2 ildə dünya mediası da ermənilərin barbar əməllərinə biganə qalmadı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki misilsiz mədəni irsin işğalçı Ermənistan tərəfindən təcavüzə məruz qaldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Əcnəbi jurnalistlər işğaldan azad edilən ərazilərə baş çəkərkən tarixi və mədəni abidələrimizin – muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunmasını öz gözləri ilə gördülər.

Məlum oldu ki, hərbi təcavüz nəticəsində ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlar, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli ərazilərindəki qədim qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər tikililər vəhşi düşmən tərəfindən məhv edilib.

Erməni vandalizmi Qafqazın mədəniyyət paytaxtına çevrilən Şuşadan da yan keçməyib. İşğal dövründə Şuşadakı tarixi abidələrin əksəriyyəti yerlə bir edilib. Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidləri, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeyləri, Xurşud Banu Natəvanın saray kompleksi, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələri, məşhur alim Mir Mövsüm Nəvvabın evi, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsi də erməni vandalizminin hədəfinə tuş gəlib. Eləcə də Azərbaycana məxsus digər mülkiyyətlər təhqir edilərək müxtəlif məqsədlərlə istifadə edilib.

Bu gün artıq Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan hökuməti üçün prioritet məsələdir və ölkəmiz bu istiqamətdə UNESCO ilə sıx əməkdaşlıq edir. İndiyə kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad olunmuş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı isə 3000-ə qədərdir.

Təəssüf ki, erməni barbarları sayı yüzlərlə olan imarət, saray, məscid, ziyarətgah və ibadətgahları dağıtmaqla kifayətlənməyərək, buradakı daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi eksponatları oğurlayaraq İrəvana aparıblar. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana viran edilərək daşınıb. Şuşa tarixi muzeyinin 5 minədək əşyası , Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı , Azərbaycan peşəkar musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun 300-dən çox əşyası, vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün 400-dək əşyası, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın 100-dən çox əşyası, Ağdam tarix-diyarşünaslıq muzeyinin 2 mindən çox əşyası , Qubadlı tarix-diyarşünaslıq muzeyinin 3 mindən çox nümunəsi, Zəngilan tarix - diyarşünaslıq muzeyinin 6 minədək əşyası qarət edilib. Rəsmi məlumata əsasən, azad edilmiş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı yox edilib.

Bu sadalanan rəqəmlər ermənilərin törətdiyi etnosidin cüzi bir hissəsidir. İşğalçı ölkə təkcə Azərbaycanın deyil, ümumilikdə dünya mədəni irsinə böyük zərər vurub. Əfsuslar olsun ki, minalarla çirkləndirilmiş Azərbaycan torpaqlarının hazırkı durumuna göz yuman bir çox dünya ölkələri erməni vəhşiliyinin mədəni, tarixi abidələrə sirayət etməsinə də qara eynəklə baxır. Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü qeyd edən bir çox Qərb ölkəsi, beynəlxalq ictimaiyyət hələ də erməni vandalizminə layiqli qiymət verməyib. Ancaq Ermənistanın törətdiyi vəhşiliklərə, vandalizmə qarşı beynəlxalq hüquq qarşısında cavab verəcəyi gün də uzaqda deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər: Katakomba   Vatikan   Heydər-Əliyev-Fondu   Mehriban-Əliyeva   Abidə   Bərpa  



Xəbər lenti