General Kirillovun nəzərinə: Azərbaycanda “gizli biolaboratoriya” yoxdur!

      General Kirillovun nəzərinə:    Azərbaycanda “gizli biolaboratoriya” yoxdur!
  19 Aprel 2022    Oxunub:4399
Aprelin 14-də general-leytenant İqor Kirillov Rusiya Müdafiə Nazirliyində keçirdiyi brifinqdə ABŞ-ın Ukraynadakı hərbi-bioloji fəaliyyətindən, xüsusilə də Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) işindən danışıb. Kirillovun məruzəsində bildirilir ki, UETM Pentaqonun bioloji silahlar yaratmasında əsas elementlərdən birinə çevrilib. Kirillovun sözlərinə görə, “UETM-in baş qərargahı Kiyevdə yerləşir, Bakıda, Kişinyovda və Tbilisidə regional ofisləri var”.
Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı həftələrdir yaydığı yalanların həcmini nəzərə alsaq, Rusiya Müdafiə Nazirliyinin bəyanatlarını ciddi qəbul etmək çətindir. Rus təbliğatının növbəti saxtakarlıqlarını şərh etməyin mənası yoxdur, çünki onlar tamamilə yalan danışırlar. Ukrayna ərazisində guya “bioloji silahların” hazırlanması ilə bağlı mif təkcə Rusiya Federasiyasının Ukraynaya qarşı aqressiv siyasətinin deyil (bu kontekstdə kifayət qədər başqa dəlillər də var), həm də rus təbliğatçılarının etibarlılığını (söylədiklərindəki açıq məntiqsizliyinə görə) şübhə altına alan parlaq nümunələrdən biridir.

Bu məsələ ilə bağlı son ay yarım ərzində Rusiya mənbələrindən eşitdiklərimiz reallıqdan uzaq olması ilə diqqəti cəlb edir. Ruslar Ukrayna ərazisində xüsusi olaraq onları yoluxdurmaq üçün yaradılan virusların hazırlandığını iddia edirlər. Maraqlıdır, onlar bu cür silahların hazırlanmasını elmi, tibbi baxımdan necə təsəvvür edirlər?
Viruslu siyasət: Moskva Ermənistandakı laboratoriyalarda nə tapdığını açıqlamalıdır

Hələ bu, ukraynalılarla rusların guya bir xalq olması haqda Moskvanın tezisinə nə dərəcədə uyğun gəlir? Burada açıq-aşkar ziddiyyət var - çünki biz həqiqətən “bir xalqıq”sa, bu halda “anti-Rusiya” virusu ukraynalıları da təhdid etməlidir. Yeri gəlmişkən, belə silahların hazırlanması texniki cəhətdən mümkün olsa belə, kim ondan çoxmillətli Rusiya Federasiyasına qarşı istifadə etməyə cəhd göstərər? Rusiyada bir çox xalqların (çeçenlər, tatarlar, buryatlar...) nümayəndələri yaşadığı və orduda xidmət etdiyi halda, bunun nə mənası var?!

Rusiya rəhbərliyində də müxtəlif etnik mənşəli insanlar təmsil olunur. Məsələn, Sergey Lavrovun erməni mənşəli olması “antirus” virusuna qarşı immunitet yaratmırmı? Doğrudanmı, Moskva belə bir virusun insanlara pasportdakı vətəndaşlığa görə yoluxacağını düşünür?

Rusiyaya hücum üçün istifadə ediləcəyi iddia olunan bioloji silahların yayılma üsulları ayrı söhbətin mövzusudur. Əvvəlcə auditoriyaya xüsusi təlim keçmiş xəstə quşlar haqqında nağıllar danışıldı. Bu yaxınlarda zərərli maddələr yaya bilən xüsusi dronlarla bağlı məlumatlar ortaya çıxdı. Əslində adı çəkilən PUA-ların silahla heç bir əlaqəsi yoxdur - bu modellərdən bütün dünyada kənd təsərrüfatı sektorunda gübrələrin səpilməsi üçün istifadə olunur. Rus əsgərlərinin onları Ukraynanın kənd təsərrüfatı mərkəzlərindən biri olan Xerson vilayətində tapması təəccüblü deyil. Təəccüblü olan odur ki, Rusiya tərəfi belə “versiyaları” rəsmi səviyyədə səsləndirir. Bu cür bəyanatlar verən rus hərbçiləri öz üfüqlərini genişləndirmək, təhsillərini heç olmasa orta məktəb səviyyəsinə qaldırmaq barədə düşünməlidirlər.

Ukrayna Elm və Texnologiya Mərkəzinə (UETM) qarşı ittihamlar da əvvəlki bəyanatlar kimi əsassızdır. Bu struktur 1995-ci ildən fəaliyyət göstərir. O, qapalı obyekt deyil və fəaliyyətinin məqsədləri açıqdır. Mərkəz kütləvi qırğın silahlarının hazırlanması ilə məşğul olan Sovet hərbi-sənaye kompleksinin mütəxəssislərini layihə fəaliyyəti və qrant dəstəyi vasitəsilə mülki həyatda tətbiq edilən tədqiqatlara yönləndirmək məqsədilə yaradılmışdı.

Beləliklə, onun vəzifəsi kütləvi qırğın silahları haqda bilik və texnologiyaların mümkün yayılmasının qarşısını almaqdır. Qərbli tərəfdaşlar başa düşdülər ki, SSRİ-nin dağılmasından sonra bir çox işsiz və maaşsız qalan alimlər öz xidmətlərini müxtəlif şübhəli dairələrə təklif etməyə məcbur olacaqlar və həmin səbəbdən bu mütəxəssislərə dinc, qanuni gəlir gətirən Mərkəzi yaratdılar. Onun yaradılmasında təkcə ABŞ və Kanadanın (NATO ölkələri) deyil, neytral İsveçin də rolu var. Bu gün onun işi Avropa İttifaqı tərəfindən dəstəklənir. UETM-in hər hansı qadağan edilmiş fəaliyyətlə məşğul olduğuna dair heç bir sübut yoxdur - bütün bunlar Rusiyanın təbliğat spekulyasiyasıdır.

Yeri gəlmişkən, mərkəzin həqiqətən də təkcə Ukraynada deyil, digər keçmiş Sovet respublikalarında da nümayəndəlikləri var: Azərbaycanda, Gürcüstanda, Moldovada. Elə buna görə də, Rusiya hərbçilərinin hesabatında bu dövlətlərin adı çəkilir. Yeri gəlmişkən, Rusiyanın hesabatında Özbəkistanın adı çəkilmir, o da UETM-in işində iştirak edir, lakin onun ərazisində Mərkəzin nümayəndəliyi yoxdur.

Bu cür bəyanatlar ciddi təhlilə layiq deyil - onlar yalnız Rusiyanın ittihamlarının saxtalığını və məntiqsizliyini bir daha nümayiş etdirir. Mənə elə gəlir ki, Azərbaycan UETM-in bu ölkədəki nümayəndəliyinin nə işlə məşğul olduğunu yaxşı bilir və başa düşür ki, hər hansı kütləvi qırğın silahlarının inkişafı barədə söhbət getmir. Belə görünür ki, ruslar öz təbliğat miflərini yaradanda da formal yanaşma nümayiş etdirir, səsləndirdikləri məlumatların həqiqətə bənzərliyi barədə düşünmürlər. Bu informasiyalar yalnız yerli auditoriyaya yönəlib.

Ermənistanla bağlı məndə heç bir məlumat yoxdur, amma orada hər hansı qadağan olunmuş işlərin aparıldığına inanmıram. Moskvanın İrəvana təsirini nəzərə alsaq, belə işləri yalnız Rusiya görə bilər. “Xarici bioloji laboratoriyalar” haqqında tezis universal təbliğat ştampıdır. Sadəcə fərqli sahələrdə (tibb, kənd təsərrüfatı gübrə istehsalı, kosmetologiya ...) elmi araşdırmalarla məşğul olan hər hansı laboratoriya qurğularının mövcudluğundan söhbət gedə bilər.

Hazırda Rusiya öz hesabatlarında Ermənistanın adını çəkmir, çünki bunlar Ukraynanı və onun tərəfdaşlarını “ifşa etmək” məqsədi daşıyırlar. Aydındır ki, bu kontekstdə KTMT üzvünü və Moskvanın müttəfiqini xatırlamaq axmaqlıqdır. Amma Azərbaycanı xatırlayıblar və çox güman ki, bu, mexaniki şəkildə həyata keçirilib və sadəcə UETM-in bütün regional bölmələrinin siyahısını açıqlayıblar. Bu 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlərin Əməkdaşlığı haqqında Bəyannamənin ruhuna açıq şəkildə uyğun gəlmir.

Rusiya təbliğatının yeganə hədəf auditoriyası olan Rusiya Federasiyası əhalisinin reaksiyası da narahatlıq doğurur. Bu cür bəyanatlar Rusiya cəmiyyətində təkcə anti-Ukrayna deyil, həm də anti-Azərbaycan əhval-ruhiyyəsini alovlandıra bilər. Fikrimcə, onları cavabsız qoymaq olmaz - Azərbaycanın Moskvadan belə ritorikaya icazə verilməsinin izahatını tələb etməsi məntiqlidir. Ümumiyyətlə bu, Rusiya Federasiyasının Azərbaycana real münasibətinin daha bir sübutudur. Azərbaycan-Rusiya münasibətlərinin perspektivlərini nəzərdən keçirərkən bunu nəzərə almaq lazımdır.

Nikolay Zamikula
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi
Xüsusi olaraq AzVision.az üçün
Tərcümə: Nadiq Quliyev


Teqlər:   Bioloji-laboratoriya  





Xəbər lenti