Latviya ilə strateji dialoqun birinci iclası keçirilib
X.Xələfov 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar, üçtərəfli bəyanatların tam yerinə yetirilməsi ilə bağlı vəziyyət, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyi, bütün nəqliyyat və kommunikasiyaların açılması məsələsi, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və orada aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Həmçinin, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol xüsusi qeyd edilib. Avropa İttifaqı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanların olduğu ifadə edilib. Bildirilib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan hərtərəfli tərəfdaşlıq haqqında saziş qarşılıqlı əlaqələrin yeni səviyyəyə çatdırılmasına şərait yaradacaq.
Tərəflər, Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib, həmçinin ikitərəfli strateji tərəfdaşlığın gündəliyində duran aktual mövzuları, xüsusən siyasi, iqtisadi, ticari, nəqliyyat, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə yanaşı, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi Qrupunun üzvləri ilə görüşüb və tərəflər Azərbaycanla Latviya arasında əməkdaşlığın həyata keçirilməsində parlamentlərarası dialoqun əhəmiyyətini qeyd ediblər.
AzVision.az
Teqlər: Latviya







Vaxtında, Aydın, Lazımlı!


