DİM imtahan keçirdi, bir nəfərdə telefon aşkarlandı

 DİM imtahan keçirdi,  bir nəfərdə telefon aşkarlandı
  24 Aprel 2022    Oxunub:2167
Dövlət İmtahan Mərkəzi tərəfindən 10 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
DİM-dən AzVision.az- a verilən məlumata görə, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 97 imtahan binası, 1660 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 97 ümumi imtahan rəhbəri, 266 imtahan rəhbəri, 2077 nəzarətçi-müəllim, 183 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 97 bina nümayəndəsi ayrılıb.

İmtahanda 21790 şagirdin iştirakı gözlənilirdi. İmtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, hərəkət məhdudiyyətli və digər) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

***
Aprelin 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Xətai, Xəzər rayonlarında, Abşeron (II hissə), Füzuli, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Şəmkir, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.


AzVision.az xəbər verir ki, bugünkü imtahanda 21 min 790 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 97 imtahan binası, 1660 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 97 ümumi imtahan rəhbəri, 266 imtahan rəhbəri, 2077 nəzarətçi-müəllim, 183 buraxılışı rejimi əməkdaşı (mühafizə), 97 bina nümayəndəsi cəlb edilib.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti