“Bayraktar”a köməkçi gəldi

// ABŞ Ukraynaya “Quantix Recon” PUA-ları verib

“Bayraktar”a köməkçi gəldi
  25 Aprel 2022    Oxunub:2573
ABŞ-ın Ukraynaya keçən ay ayırdığı 1 milyard dollarlıq yardım paketinə əsasən “Stinger” daşınan zenit-raket kompleksləri, “Javelin” tank əleyhinə raket kompleksləri, yüngül qumbaraatanlar, “Switchblade” PUA-ları daxil idi. Yeni paketdə isə “Quantix Recon” PUA-larının veriləcəyi də nəzərdə tutulub. Bu aparatları ABŞ-ın “AeroVironment” şirkəti istehsal edilir. Əsasən müdafiə məqsədləri üçün nəzərdə tutulmuş, tam avtomatlaşdırılmış, hibrid şaquli qalxma və enmə (VTOL) sisteminə malik drondur.
Ərazidə sürətlə yerləşdirilə bilən yüngül çəkili kəşfiyyat PUA-sı yüksək dəqiqliyə malik təsvirlərdən tutmuş, müdafiə qüvvələrinin koordinatlarına qədər bütün kəşfiyyat məlumatlarının ötürülməsi üçün nəzərdə tutulub. Qoşunların təhlükəsizliyini təmin etmək üçün əlçatmaz ərazilərin xəritələrini çəkməyə imkan verir. “AeroVironment” şirkəti “Quantix Recon”u 2020-ci ilin aprelində təqdim edib.


Yalnız bir toxunuşla aktivləşdirilən PUA 5 dəqiqə ərzində ərzində yerləşdirilir və bir operator tərəfindən işə salınır. Aktivləşəndən bir neçə dəqiqə sonra dəqiq xəritələri çatdırmaq qabiliyyətinə malikdir. Radiotezliyin səssiz rejimi aşkarlanma və basdırılmanın qarşısını almaqla, PUA-nı gizli əməliyyatlar üçün uyğun platformaya çevirir.


Üstün cəhətləri

“Uçan qanad” və hibrid VTOL dizaynı PUA-ya adi kvadrokopterləri üstələmək imkanı verir. Tam avtomatlaşdırılmış qalxma, uçuş və enmə funksiyaları xəritəçəkmə və kəşfiyyat əməliyyatlarını asanlıqla təmin edir. Beləcə, ön cəbhədəki piyadaların müdafiəsini daha da artırır. İstifadəçi bir çox avtomatlaşdırılmış kəşfiyyat rejimi variantları vasitəsilə ərazi və qeyd edilən marşrut üzrə məlumatlar əldə edə bilir. Aeroşəkillərdən toplanmış məlumatlar “GeoTIFF” fayl formatında olduğu üçün sonrakı təhlil və bütün coğrafi informasiya sistemlərinin analitik alətləri ilə istifadəyə uyğun gəlir. PUA sürətli xəritəçəkmə və avtomatlaşdırılmış kəşfiyyatı sayəsində kənar müdaxilə olmadan məlumatları toplaya bilir.


Faydalı yükləri və idarəetməsi

“Quantix Recon” PUA-sı yüksək dəqiqlikli RGB və multispektral təsvirləri toplaya bilən 18 meqapiksellik termal kameralarla təchiz edilir. Kameralar 85% ön və 60% yan tərəfləri əhatə etməklə çəkmə sürətini avtomatik rejimdə tənzimləyir.


PUA-nın naviqasiyası ərazi, nöqtələr və marşrut xətti üzrə çevik xəritəçəkmə rejimləri ilə avtomatik şəkildə həyata keçirilir. Mexaniki rejimdə idarəetmə 900MHz tezlikli şifrələnmiş rabitə sistemi vasitəsilə həyata keçirilir. Toplanan məlumatlar korpusda yerləşən SD kartda saxlanılır.

Xüsusiyyətləri

“Quantix Recon” PUA-sı dörd elektrik mühərriki ilə təchiz edilir. Elektrik mühərriki PUA-ya dəniz səviyyəsindən maksimum 7500 fut (2280 m) yüksəklikdə uçmağa imkan verir. Pilotsuz təyyarə 150 fut (45 m) ilə 800 fut (245 m) arasında dəyişən beş əməliyyat-uçuş yüksəkliyi ilə proqramlaşdırıla bilər. Qanadlarının uzunluğu 97.5 sm olan dronun çəkisi 2.27 kq-dır. Pilotsuz uçuş aparatı 1,6 km² və ya 20 kilometrə qədər xətti ərazinin kəşfiyyatını aparmaq qabiliyyətinə malikdir.


PUA 32 km/saat (9 m/s) küləyin sürətinə tab gətirmək qabiliyyətinə malikdir və -17°C ilə 49°C arasında dəyişən temperaturlarda işləyə bilir. O, maksimum 20 km. məsafəni qət edir və batareyaların tutumu maksimum 45 dəqiqədir.


Açıq qalan suallar

Hərçənd, Ukrayna ilə əldə olunan razılaşmanın icrası ilə bağlı bəzi suallar açıq qalır: Bu PUA-ları idarə edəcək pilot-operatorlar necə hazırlanacaq, ABŞ-ın ehtiyatında zəruri sayda PUA varmı, əgər yoxdursa “AeroVironment” yeni vasitələri nə qədər sürətlə istehsal edə biləcək?

Nəticə

“Quantix Recon” PUA-larının Ukrayna Ordusunun bölmələrinə çatdırılması, Rusiya qoşunlarının zirehli və zirehsiz vasitələrinin yerləşdiyi ərazilərin koordinatlarını uzaq məsafədən dəqiqliklə təyin etməyə imkan verəcək. Bu PUA-ların Kiyevə verilməsi Ukraynanın Rusiya ordusuna qarşı geniş istifadə etdiyi “Bayraktar TB2” pilotsuz vasitələrinin resurslarına da qismən qənaət etməyə imkan verəcək. Kiçik ölçülərə və səssiz elektrik mühərriklərinə malik “Quantix Recon” PUA-larının Ukraynada tətbiqi Rusiyanın hava hücumundan müdafiə sistemlərinə kifayət qədər əlavə problemlər yaradacaq.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: PUA   Dron   ABŞ   Ukrayna  





Xəbər lenti