“TOS-1A” Vətən Müharibəmizdə necə tətbiq olunmuşdu – Ədalət Verdiyevin yazısı

   “TOS-1A” Vətən Müharibəmizdə necə tətbiq olunmuşdu –    Ədalət Verdiyevin yazısı
  26 Aprel 2022    Oxunub:6072
Qarabağda yeni istifadəyə verilən hərbi hissələrdən yayılan fotolarda onların TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərlə təchiz olunduğu da görünürdü. AzVision.az-da bu sistemlər haqqında geniş məqalə dərc olunub. İndi isə həmin silahların Aprel döyüşlərində və Vətən Müharibəsində necə tətbiq olunmasına nəzər salaq.
Formal olaraq “odsaçan” adlandırılan TOS-1A komleksi əslində YARS sinifinə aiddir və buna görə də reaktiv artilleriya divizionunun silahlanmasında yer alması daha doğrudur.


Aprel döyüşləri zamanı Ordu korpuslarının birinin tabeliyində olan artilleriya bölməsi TOS-1A sistemi ilə Seysulan istiqamətində təxribata cəhd edən düşmən taborunun dayaq məntəqəsinin bir hissəsini yandırmışdı. Düşmən arasında ciddi panika yaranmışdı. Bunu nəzərə alaraq, 4 il əvvəl TOS-1A barədə yazmışdım: “Heç bir sığınacaqda qorunmağa imkan verməyən, eyni zamanda qadağan olunmayan azsaylı silahlardan biri olan TOS-1A “Solntsepyok” istənilən düşməndə təşviş yarada biləcək əsl “cəhənnəm atəşi”dir. Motoatıcı bölüyün dayaq məntəqəsinin ölçülərinə yaxın bir ərazidə hər kəsi və hər şeyi 3000 dərəcə istilikdə külə çevirən TOS-1A “Solntsepyok” kompleksi düşmənlərimizin daim qorxulu röyalarından biri olaraq qalacaq”.

Vətən Müharibəsində odsaçanların tətbiqi bu ehtimalları təsdiqlədi. Ağdərə istiqamətində düşmənin yerləşdiyi Göyarx yaşayış məntəqəsi, 457 və 530 yüksəkliyi istiqamətində TOS-1A-nın tətbiqi irəliləyən bölmələrimiz üçün münbit şərait yaradıb. Bu ərazidə müdafiə olunmaqda çətinlik çəkən düşmənin 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun və 22-ci xüsusi təyinatlı briqadasının bölmələrinin əks hücumlarının dəf edilməsində TOS-1A əhəmiyyətli rol oynayıb.


Cənub istiqamətində TOS-1A-dan əməliyyatların ilk günündən əvvəlcə Cəbrayıl, sonra Laçın rayonu, noyabrın 5-dən sonra dəhlizdən erməniləri tamamilə sıxışdırıb çıxarmaq, Şuşa istiqamətində hərəkətini məhdudlaşdırmaq üçün kütləvi şəkildə istifadə edilib. Laçının Aşağı Fərəcan kəndi azad edildikdən sonra Suarası uğrunda döyüşlər zamanı TOS-1A uğurla tətbiq edilib.

Müharibə zamanı Ordumuz cəmi 1 ədəd TOS-1A kompleksinin atıcı qurğusunu itirib. Bunun Cəbrayıl istiqamətində gedən döyüşlərdə baş verdiyi ehtimal edilir. Odsaçanın heyətinin belə hallarda sağ qalmaq şansı adətən olmur.

Vətən Müharibəsinin təcrübəsi ağır TOS-1A tətbiqinin düşmən bölmələrinin yalnız məhvinə deyil, həm də şəxsi heyət arasında ciddi panikaya və mövqelərindən çəkilməsinə səbəb olduğunu deməyə əsas verir. Nəzərə alsaq ki, TOS-1A kompleksindən əsasən lokal münaqişələrdə və ya antiterror əməliyyatlarında istifadə daha məqsədəuyğundur və həmin silahlar düşmənin təxribatlar törətdiyi ərazilərə daha yaxın məsafədə yerləşir, o zaman qəhrəman Ordumuzun mənfur düşməni dizi üstdən qalxmağa imkan verməyəcəyinə əmin olmalıyıq.


Rus sülhməramlısının tumanı altında gizlənərək, Azərbaycan ərazisinə atəş açan ermənilərin cəzalanacağına şübhəmiz yoxdur. Əgər buna mövcud şərait imkan vermirsə, o zaman hər təxribatdan sonra Ermənistanın tanımadığı sərhədlərimizi bir az genişləndirməyə cəhd etməliyik. Bu halda həm dəhliz məsələsinə, həm 1-ci Qarabağ müharibəsində itkin düşənlərin taleyinə, həm də sülh sazişinə ən qısa müddətdə müsbət aydınlıq gətiriləcək. Buna şübhə olmalı deyil. Ermənistan siyasi-hərbi rəhbərliyi yalnız gücün dilini anlayırsa, biz də onlarla bəyanat və ya xəbərdarlıq dili ilə deyil, məhz anladıqları dildə danışmağa məcburuq.

Ədalət Verdiyev
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: TOS-1A   Odsaçan  





Xəbər lenti