Qubadlı-Eyvazlı yolunun tikintisi davam edir

   Qubadlı-Eyvazlı yolunun tikintisi davam edir
  29 Aprel 2022    Oxunub:329
Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilib.
AzVision.az xəbər verir ki, uzunluğu 28,5 km olan yol 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolunun layihə eninin alınması üçün “İnşaat Norma və Qaydaları”na uyğun olaraq qaya qruntları dağıdılmaqla torpaq yatağının inşası aparılır.

Layihəyə uyğun olaraq yolun 26-km-lik hissəsində yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitki qatının çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.

Yolun 21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması və dolğu işləri son mərhələ üzrə icra olunur. 23-25-ci km-lik hissədə yol yatağınin ikintisi artıq yekunlaşıb. 27-28-ci km-lik hissədə isə dolğu işləri və yeni yol yatağının inşası həyata keçirilir.

Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil körpülərinin inşası aparılır.

Hazırda yolun 2.5-ci km-də inşa olunan 122.4 metr uzunluğa malik 4 aşırımlı körpüdə svay, qazma və betonlanma işləri icra olunur. Yolun 21-ci km-də tikilən 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüsündə isə svay üçün hazırlıq prosesi aparılır.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

Bu il tikintisi başa çatdırılması planlaşdırılan yol Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.

AzVision.az

Teqlər: Yol  







Xəbər lenti