19 mindən çox şagird buraxılış imtahanı verdi

   19 mindən çox şagird buraxılış imtahanı verdi
  01 May 2022    Oxunub:1668
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib.
AzVision.az DİM-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, eləcə də Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.

Çilov adasında yerləşən 131 nömrəli məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.

İmtahanda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1494 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 100 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 1883 nəzarətçi-müəllim, 168 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100 bina nümayəndəsi ayrılıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti