Prezident Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul edib
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, dövlət başçısının ötən ilin dekabrında Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakı xatırlanıb.
Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub. Ölkəmizin irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfinin qəbul etdiyini vurğulayan dövlət başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan-Fransa münasibətlərinə toxunulub. Prezident İlham Əliyev ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronla Brüsseldə görüşünü və bu ilin fevralında videoformatda görüşünü qeyd edib.
Dövlət başçısı, eyni zamanda, Emmanuel Makrona Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik ünvanladığını xatırladıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


