Berlində Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı sərgisinin açılışı olub

Berlində Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı sərgisinin açılışı olub
  04 May 2022    Oxunub:1396
Aprelin 29-da Berlinin QGallery incəsənət qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Azərbaycan və Naxçıvan Rəssamlar İttifaqının üzvü Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı sərgisinin təntənəli açılışı olub.
AzVision.az xəbər verir ki, Ekspozisiya Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və “QGallery Baku” Rəsm Qalereyasının dəstəyi ilə təqdim olunur.

Sərgidə çıxış edənlər Leyla Əzimbəyova yaradıcılığının xüsusiyyətlərindən danışıblar və rəssamı əlamətdar hadisə münasibətilə təbrik edib, ona gələcək yaradıcılıq uğurları arzulayıblar.

Sərginin ekspozisiyasında müxtəlif rəngkarlıq janrlarına müraciət edən Leyla Əzimbəyovanın 36 rəsm əsəri yer alıb. Bunlar portretlər, mənzərələr, natürmortlar və rəssamın özünün üslubunda bir çox kompozisiyalardır. Sərgidə həyata sevgi mövzusuna xüsusi diqqət yetirilmişdir.

Tədbirdə yaradıcı ziyalıların nümayəndələri, alimlər, ictimaiyyət nümayəndələri, incəsənətsevərlər və qalereyanın dostları iştirak ediblər. Həmçinin Azərbaycanın Almaniyadakı səfiri cənab Ramin Həsənov sərginin açılış mərasimində iştirak etmiş, rəssam Leyla Əzimbəyovanın əməyini yüksək qiymətləndirmiş, onu sərginin açılışı münasibətilə təbrik etmiş və ona gələcəkdə uğurlar arzulamışdır.

Leyla Əzimbəyovanın sərgisi ilə paralel olaraq Berlindən olan rəssam Nizakət Sinanovskayanın da əsərləri təqdim olunur. Sərgi 2022-ci il mayın 12-dək davam edəcək.





AzVision.az



Teqlər:





Xəbər lenti