Alman nəşri: "Azərbaycan orta gəlirli ölkələr sırasında öndədir"
Yazıda qeyd olunur ki, Azərbaycan Dünya Bankının qiymətləndirməsinə görə, artıq uzun illərdir ortagəlirli ölkələr sırasında ön cərgədə layiqli yerini tutur. Bunun əsas səbəblərindən biri zəngin neft və qaz yataqlarının səmərəli şəkildə işlənməsi, sözügedən enerji mənbələrinin kəşfiyyatı, hasilatı, emalı və nəqli sahəsində beynəlxalq tərəfdaşlarla aparılan uğurlu əməkdaşlıqdır. Bildirilir ki, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev 1994-cü ildə 8 ölkədən olan 13 aparıcı enerji şirkəti ilə “Əsrin müqaviləsi” adlı müqaviləni imzalayaraq ölkəsində uzunmüddətli iqtisadi sabitliyin və tərəqqinin əsasını qoyub. Hazırda Xəzər dənizində yerləşən “Şahdəniz 2” yatağından hasil edilən təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan və Türkiyə ərazisindən Yunanıstana və Albaniyaya, oradan isə İtaliyaya nəql olunur. Avropa Komissiyası uzun illərdir ki, qitənin enerji mənbələrinin şaxələndirilməsi çərçivəsində sözügedən layihəni dəstəkləyir.
Məqalədə Ukraynada baş verən hadisələr fonunda Avropa-Xəzər regionu enerji əməkdaşlığının perspektivinin artdığı bildirilir. Qeyd olunur ki, Azərbaycan və digər Xəzəryanı ölkələr kifayət qədər təbii qaz ixracı imkanlarına malikdirlər. Bu resurslar bərpaolunan enerji mənbələrinə keçid mərhələsində istifadə edilə bilər. Bundan əlavə, rəsmi Bakı bərpaolunan enerji mənbələrindən istifadəni öz enerji siyasətinin əsas prioritetlərindən biri elan edib. Belə ki, Qarabağ və digər ətraf rayonların uzaq perspektivdə əsasən külək və günəş enerjisi ilə təmin olunması nəzərdə tutulur. Bu sahədə əməkdaşlıq üçün beynəlxalq tərəfdaşlar axtarılır. Aparıcı alman şirkətləri bu imkanları nəzərdən keçirə bilərlər. Azərbaycan, həmçinin qeyri-neft sektorunun inkişafı üçün ciddi səylər göstərir. Diqqətə çatdırılır ki, Azərbaycan özünü regionda sabitlik adası kimi təsdiqləyib. Qonşu Ermənistanla aparılan sülh danışıqları, habelə Ankara və İrəvan arasında baş tutmuş son təmaslar ümidvericidir.
Müəllif bildirir ki, Avropa ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişaf etdirilməsi iqtisadi və təhlükəsizlik siyasəti nöqteyi-nəzərdən yeni imkanlar yarada bilər. Bu imkanlar enerji sektorunda və ya alternativ enerji istehsalı sahəsində əməkdaşlığın sürətləndirilməsi ilə yanaşı, logistika, kənd təsərrüfatı, turizm kimi sahələrdə əməkdaşlığı da əhatə edir. Avropa Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini və transformasiyasını dəstəkləyərək, yeni iqtisadi tərəfdaş qazanmaqla yanaşı, həm də bilavasitə öz qonşuluğunda yerləşən mühüm regionda sabitliyə töhfə vermiş olar.
AzVision.az
Teqlər: Alman-Nəşri Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


