Bunud-Həzrə yolu yenidən qurulur

Bunud-Həzrə yolu yenidən qurulur
  11 May 2022    Oxunub:1367
Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5.3 km olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AzVision.az -a verilən məlumata görə, torpaq və çınqıl örtüklü avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu.

Hazırda sadalanan qüsurların aradan qaldırılması üçün AAYDA tərəfindən yenidənqurma işləri aparılır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

“Tikinti Norma və Qaydaları”na uyğun yenidənqurma işləri çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi və sıradan çıxmış suötürücü boruların çıxarılması işləri aparılır. Çıxarılan boruların əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçiriləcək.

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi işləri görüləcək, yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start veriləcək.

Anoloji yenidənqurma işlərinin Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3.2 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.4 km) və Şamlı-Tola (6,1 km) avtomobil yollarında da aparılması nəzərdə tutulur.

Beləliklə, ümumi uzunluğu 25 km olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.

AzVision.az



Teqlər: Yol  





Xəbər lenti