"Dollara tələbin azalması rublu bahalaşdırır" - Vüqar Bayramovun şərhi
- Rusiyanın milli valyutası Qərbin ilk sanksiyalarına ciddi reaksiya verərək rəsmi valyuta dəyişmə məntəqələrində 135 məzənnəsinə də ucuzlaşmışdı. Amma sonradan Rusiya Mərkəzi Bankı rublun mövqelərini bərpa edə bildi. Rublun məzənnəsinin son möhkəmlənmələrinin bir neçə mühüm səbəbləri var:
Birincisi, sanksiyalar nəticəsində Rusiyanın idxalının kəskin azalması dollara tələbi minimumlaşdırıb. Yalnız ötən ay Rusiyada avtomobil alışı 78.5 faiz azalıb. Bu o deməkdir ki, xaricdən mal gətirilməsində ciddi azalma olduğundan iş adamlarının dollara tələbi kəskin aşağı düşüb. Rusiya dollara tələbi əsas sahibkarlar yaradırdı.
İkincisi, Rusiya vətəndaşlarının xarici səfərlərinin sayı da kəskin azalıb və bu da dollara tələbini aşağı salıb. Hər il 7 milyondan çox Rusiya vətəndaşı sadəcə Avropaya gedirdi və artıq bu səfərlər, demək olar, yoxdur. Bu isə xarici valyutaya tələbi azaldır.
Üçüncüsü, Rusiyada ölkədən valyuta çıxarışı 10 min dollaradək məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edir.
Dördüncüsü, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb.
Nəhayət, sanksiyalara baxmayaraq Avropa İttifaqı müharibənin başladığı yalnız ilk 2 ayında sadəcə yanacaq məhsullarına görə Rusiyaya 46.3 milyard dollar ödəyib. Rusiyanın enerji məhsullarının idxalına embarqo tətbiq olunmadığı üçün şimal qonşumuz Qərb ölkələrindən valyuta almaqda davam edir.
Rublun məzənnəsi necə dəyişəcək?
Qeyd edilən faktorlar mövcud məzənnəyə təsir göstərsə də Rusiya valyutasının dollara nisbətən yenidən dəyər itirməsi gözləntiləri yüksəkdir. Bir tərəfdən, biznes yeni bazarlar, Rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və tursit səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə rubla tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək.
Nəhayət, savaş davam edərsə Qərb mərhələli şəkildə Rusiya enerji məhsullarının idxalından imtina edəcək və sanksiyalar iqtisadiyyata daha təsirli olacaq ki, bu da rubla təsirsiz ötüşməyəcək. Bu baxımdan, məhdudlaşdırıcı alətlərə baxmayaraq yenidən rublun dollara nisbətən ucuzlaşması istisna deyil və aydındır ki, rubl üçün ən çətin anda Avropa İttifaqının Rusiyanın enerji məhsullarının alışından imtina etməsi ola bilər. Bu halda Avropaya yalnız neft ixracatından Rusiya illik 104 milyard dollar itirəcək. Digər daxilolmaların, xüsusən də mavi qaz satışından gəlirlərin azalmasını da nəzərə alsaq, valyuta bazarındakı tarazlığın uzun müddət qorunub saxlanılması asan olmayacaq.
AzVision.az
Teqlər: