Hərbi ekspert: "Veteran və əlillərə yanaşma dəyişməlidir" - VİDEO
Ə.Verdiyev qeyd edib ki, orduda 10-15 il xidmət edən zabitlər, müddətdən artıq hərbi qulluqçular, gizirlər yaralanır, təxris olunur, əlillik üçün müraciət edir. Lakin yaralanması əlillik meyarlarına uyğun gəlmədiyi üçün ona əlillik təyin olunmur. 20 ili tamam olmadığı üçün pensiya da düşmür. Əlillik əvəzinə 80 manat veteran pulu alır, bu da il yarımdan sonra verilir.
- İndiyə qədər bəlli deyil ki, biz veteranlar siyahısını niyə bu qədər gec dəqiqləşdirirdik?!, - Ekspert sual edib.- Kompüter dövründə bunu kim bu qədər uzadır? Onsuz da hərbi hissələrin siyahısı hər bir qurumda var idi. İş bu günə qədər bitməyib. Həmin siyahıda 12 minə yaxın hərbçinin adı sistemdə var idi, sonradan silindi. Onların arasında əksəriyyəti həkimlər, sanitarlar, sanitar təlimatçılardır. Axı bu qədər insanın həyatda qalması həkimlərin sayəsində oldu. Bu gün də həkimlər tanıyıram ki, Qarabağda öz vəsaitləri hesabına əsgərlərə, fəhləyə, daxili qoşuna, hərbiçilərə və digərlərinə öz cibləri hesabına xidmət göstərir. Müharibə bitmişdi, yaralılarımız müalicə alırdı və əlillik təyin olunmamışdı. YAŞAT Fondu onlara kömək edirdi. Lakin Fondun nizamnaməsində qeyd olunub ki, əlil və şəhid ailələrinə kömək edir. Əlillik təyin olunana qədər uzun müddət keçir və bu proseslərdə ləngimə var. Bu şəxs o dövrə qədər nə yeməlidir, dərmanı nə ilə almalıdır?
Hərbi ekspert hesab edir ki, əlil və qazilərin müalicəsi üçün ayrıca hospital olmalıdır. Ölkədə mövcud olan hospitallardan ən yaxşısı və böyüyü seçilib, onlara ayrılmalıdır.
Ədalət Verdiyevin başqa təklifi isə yaralanan veteranla yaralanmayan veteran arasında fərq qoyulmasıdır. Yaralanıb, ayağı yerə çatmayan, eyni zamanda əlilliyi ləğv edilən veteran 80 manat alır. Müharibədə iştirak edib yaralanmayan veterana da bu məbləğ verilir. Ona görə müharibədə yaralanan şəxsə verilən veteranlıq məbləği artırmalıdır ki, o xərclərini ödəsin, dərmanlarını ala bilsin. Onun sözlərinə görə, medal və veteranlığın verilməsi bu qədər ləngiməməli idi: "15 ay keçib. Kimsə çıxıb deməlidir ki, 80 min adamdan 30 mininə "Veteran" statusu verilib, 30 mininə yaxın günlərdə veriləcək, 10 mini də müəyyən səbəblərə görə gecikir. Adam var ki, Müdafiə Nazirliyində oturub, döyüş vaxtı bir gün səngərə gəlib, möhür vurulub, qayıdıb. O da veteranlıq alır, 8 il səngərdə xidmət edən mən də. Onda Qarabağda olan bütün qız-gəlinlərə, qadınlara veteran statusu verək. Sui-istifadə halları var və araşdırılmalıdır. Veteranlar arasında cəbhə bölgəsində icra hakimiyyətinin verdiyi arayışlarla status alanlar var. Araşdırsaq, 90 faizi saxtadır. "İnsana əlilliyin ləğv olundu gedə bilərsən" demək düz deyil, ona işsizlik müavinəti verilməlidir ki, iş tapana qədər stress keçirməsin. Doğru, ya yanlış, bu adam hər ay 300-500 manat pul alaraq, ailəsini dolandırırdı. Bunu dövlət verib, səhv idisə, verilməzdi. Sənədi Dövlət Sosial Müdafiə Fondunun, Reabilitasiya Agentliyinin həkimləri imzalayıblar. Şəxsin əlilliyini kəsirik, amma onu imzalayan həkimləri məhkəmədə görümürük. Bu iş vaxtında olmalıdır".
Ə.Verdiyev qeyd edib ki, veteranların uşaqlarının ödənişli təhsil məsələsində köməklik göstərilə bilər: "Sabah o uşaqlar həmin veteran ana- ataya baxacaqlar. Dövlət hesabına 40-50 faiz nə qədər mümkündürsə, onların təhsil haqqını ödəyək. Ərzaq kompensasiyası 128 manat müəyyən edilib, amma 64 manat verilir. Bununla bir əsgər, zabitin keçinməsi mümkün deyil. Qərar var, lakin hələ icra olunmur".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


