Dövlətlərin buğda qadağası: "Yeni mövsümədək bu risklər kəskin xarakter ala bilər"

      Dövlətlərin buğda qadağası:    "Yeni mövsümədək bu risklər kəskin xarakter ala bilər"
  14 May 2022    Oxunub:938
Rusiya-Ukrayna münaqişəsi bütün dünya ölkələri üçün taxıl qıtlığı təminatı problemi yaradıb. Ukrayna qlobal səviyyədə taxıl tələbatının 7 faizi, Rusiya isə 20 faizini ödəyirdi. Dünya Bankının hesabatına görə, iki ölkə birlikdə 27-28 faiz taxıl təhcizatını həyata keçirirdi. Hazırda Ukraynada bütün istehsal prosesi pozulub, Rusiyada istehsalın davamlılığını təmin etmək mümkün olmayacaq. Artıq Hindisdan da buğda ixracına qadağa qoyub.
İqtisadçı ekspert Rəşad Həsənov AzVision.az -a açıqlamasında bildirib ki, belə bir şəraitdə bazarlar sürətlə reaksiya verir, kəskin bahalaşma olur. Yeni mövsümə, yəni iyul-avqust aylarına qədər bu risklər daha kəskin xarakter ala bilər. Ekspertin fikrincə, avqust ayından sonra Rusiyanın müvafiq qadağaları aradan qaldırması ehtimalı da var.

- Azərbaycanın hazırda müəyyən ehtiyatları var. Buğda istehsalı mövsümünün də başlamasına da az vaxt qalıb. Azərbaycan mümkün qədər çalışıb, öz ehtiyatlarını artırmalıdır. Burada əsas problem istehlakçı aspektində yaranacaq, deyən ekspert hesab etmir ki, kəskin qıtlıq olacaq:

"Amma qiymətlərin bahalaşması qaçılmazdır. Bu fonda dövlət sahibkarlara, idxalçılara, istehsalçılara dəstək verməsə, bu, qıtlığa aparıb çıxardacaq. Çünki bazar iştirakçıları mərhələli şəkildə oyundan çəkiləcək. Amma düşünürəm ki, hökümət buna getməyəcək. Mümkün qədər mövcud təchizatçıları dəstəklənməlidir. Hazırda ehtiyatların artırılması ilə bağlı əsas problem sahibkarlıq subyektlərinin vəsaitləri dövriyyədən kənarda saxlaması və belə bir vəsaitin bəzi hallarda olmaması, likvidliyin aşağı olmasıdır".



R.Həsənov bildirib ki, İqtisadiyyat Nazirliyi taxıl təhcizatçılarının likvidliyini dəstəkləməli, ona dövlət hesabına faizsiz vəsaitlər təmin etməlidir. Bunların qarşılığında isə onlardan bir il və ya il yarımlıq ehtiyatların yaradılması tələbi qoyulmalıdır.

İqtisadçı ekspert hesab edir ki, bazarların şaxələndirilməsi də vacibdir:
"Rusiya-Ukrayna münaqişəsi göstərdi ki, Azərbaycanda taxıldan ciddi asılılıq müəyyən problemlərə səbəb ola bilər. Buna görə taxıl idxalı bazarlarının şaxələndirilməsi, yerli istehsalın uzunmüddətli dövrdə dəstəklənməsi, ərzaqlıq buğda istehsalı mühitinin təkmilləşdirilməsi və buna şəraitin yaradılması hökümətin prioriteti olmalıdır.
Hazırda Hindistanda tətbiq edilən ixraca məhdudiyyətlər müvəqqəti xarakter daşıyır. Yaxın iki ayda orada da məhdudiyyətlər aradan götürüləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti