Azərbaycan Prezidentinin köməkçisi Türkiyəyə təşəkkür etdi

   Azərbaycan Prezidentinin köməkçisi Türkiyəyə təşəkkür etdi
  14 May 2022    Oxunub:913
Müasir dövrün ən vacib informasiya alətlərindən birinin sosial mediadır.
AzVision.az xəbər verir ki, bunu İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, sosial media platformalarında ölkələrimizə qarşı mənfi tendensiyaların, informasiya təxribatlarının, yalan məlumatların yayılmasının qarşısının alınması üçün bu sahədə əməkdaşlığımızın və fəaliyyətimizin əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb edir:

“Bu mənada, sosial mediada birgə fəaliyyətimizin əlaqələndirilməsi üzrə işlək və çevik mexanizmlərin yaradılması faydalı olar. Bu məqsədlə, zəngin tarixi və mədəni irsimizin, görkəmli şəxsiyyətlərimizin dünyada tanıdılması istiqamətində birgə fəaliyyət, bədii və sənədli filmlərin çəkilişi, şair və yazıçılarımızın əsərlərindən ibarət ortaq nəşrlərin hazırlanması, beynəlxalq media tədbirlərində birgə iştirak mühüm addımlardandır”.

Qırx dörd günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə Respublikasına bir daha təşəkkür edən H.Hacıyev Vətən müharibəsi dövründə erməni lobbisinin informasiya sahəsində ölkəmizə qarşı təxribatlarının qarşısının alınmasında, saxta xəbərlərlə mübarizədə və Azərbaycanın haqq səsinin çatdırılmasında göstərdiyi dəstəyə görə Fahrettin Altuna və bütün Türkiyə mediasına da təşəkkürünü bildirib.

Azərbaycan-Türkiyə Media Platformasının fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin bütün təkliflərə açıq olduğunu bildirən Prezidentin köməkçisi ölkəmizin TDT-yə daxil digər qardaş və dost ölkələrlə də informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti