“Şuşada bir gün” adlı tədbir keçirilib

    “Şuşada bir gün”    adlı  tədbir keçirilib
  15 May 2022    Oxunub:975
Mayın 14-də Emin Əliyev adına 234 nömrəli tam orta məktəbdə “Şuşada bir gün” adlı tədbir keçirilib. Məktəbin həyət qapısından girişinə qədər yolda Qarabağın məşhur simalarının büstləri qoyulub, tam mərkəzdə Şuşa qalası yaradılıb.
Tədbir peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət olan sərgi-yarmarkaya baxış ilə başlayıb. Qeyd edək ki, satış-yarmarkadan əldə olunan gəlir ənənəvi olaraq, "YAŞAT" fonduna köçürüləcək. Qonaqlara peşə təmayüllü siniflərin şagirdləri tərəfindən samovar çayı və sac üstündə bişirilən qutablar təqdim olunub.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıldıqdan sonra Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bölünməzliyi və sərhədlərimizin toxunulmazlığı uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Şuşa qalası”nın önündə çıxış edən şagirdlər İbrahim xan, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Ağabəyim ağa, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Xan Şuşinski kimi Qarabağın böyük simalarının obrazlarını canlandırıblar. I Qarabağ savaşı, Şuşanın işğalı və böyük itkilərimiz haqqında məlumat verdikdən sonra şagirdlər məktəbin şəhid məzunlarını yad ediblər. Daha sonra 44 günlük Vətən müharibəsinin 4 iştirakçısının - Xəzər rayonundan olan 4 şəhidin obrazlarını canlandıran şagirdlər “Vur, komandir!” və “Xudayar təsnifi” ilə tamaşaçıları o möhtəşəm 44 günə qaytararaq, nəhayət, Şuşanın azad olmasını göstərməklə bu qədim şəhərin 270 illik tarixinə nəzər salıblar.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Əhmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı, "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əməkdaşı Elşən Ədalətli, Qafqaz Müsəlmanlar İdarəsinin qazisi, şair Hacı Soltan, şairə Gülarə Munis, şəhid anaları, məktəbin Vətən müharibəsinin iştirakçısı olmuş məzunları, rayon məktəblərinin direktorları iştirak ediblər.

Tədbirdə iştirak edən şəhid analarına peşə təmayüllü siniflərin şagirdlərinin hazırladıqları, üzərinə övladlarının şəkilləri vurulmuş xarıbülbül suvenirləri hədiyyə edilib. Tədbir “Ey Vətən!” mahnısının sədaları altında yekunlaşıb.

Tədbirin sonunda məktəbin direktoru Könül Məmmədli ana Vətənimizin ayrılmaz bir parçası olan Şuşaya həsr edilən bu tədbiri böyük iftixar hissi ilə keçirdiklərini qeyd edib, şəhidlərin, şəhid analarının qarşısında ehtiramla baş əydiyini vurğulayıb. Çıxış edənlər bizi Şuşaya qovuşduran müzəffər Ali Baş Komandanımıza, rəşadətli ordumuza minnətdarlıqlarını ifadə ediblər, “Şuşada bir gün” üçün isə bu gözəl tədbirin bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.








AzVision.az

Teqlər: Tədbir   Şuşa  







Xəbər lenti