Uyğur müqavimətinin baş simvolu: Doppa
Doppa (doh-pa kimi tələffüz olunur) Orta Asiyadan gələn kvadrat və bəzən də dairəvi papaqdır. Minillər boyu doppa əsasən Orta Asiyadakı türk xalqları və Anadoluya köçüb məskunlaşan Səlcuq türkləri tərəfindən qoyulub. Bu gün doppanı əsasən uyğurlar, özbəklər, tatarlar və taciklər geyinirlər.
Doppanın geyilməsi həm qloballaşmadan, həm də Çin hökumətinin uyğur mədəni və milli kimliyini silmək cəhdlərindən təsirlənib. Şərqi Türküstanın daxilində doppa əsasən milli bayramlarda və ya ənənəvi toylar, dəfn mərasimləri, digər ictimai tədbirlər kimi xüsusi hallarda geyinilir. Bu gün doppanın 250-dən çox müxtəlif növü var. Müxtəlif növ doppalar müxtəlif rənglərdə və unikal naxışlarda olur. Uyğurların əksəriyyəti, xüsusən də yaşlı nəsil başındakı doppanın formasına, naxışına və rənglərinə baxaraq, insanın Şərqi Türküstanın hansı bölgəsindən və ya şəhərindən olduğunu ayırd edə bilir.
Çinin uyğurlara və digər türk xalqlarına qarşı siyasətinin bir hissəsi olaraq, Şərqi Türküstanda ictimai həyatın müxtəlif aspektlərində doppanın geyilməsi məhdudlaşdırılıb. Diaspor nümayəndələri cavabında doppa geyinməyi dəbləşdirərək, Çin hökumətinin öz mədəni və milli kimliklərini silmək cəhdlərinə qarşı çıxbılar. Ona görə bu geyim Şərqi Türkistan (Uyğur) mədəni və milli ifadəsinin simvolu kimi qəbul edilir. Son illərdə doppanın yeni dizaynları, o cümlədən Şərqi Türküstanın dövlət bayrağını təsvir edən ağ ulduz və aypara ilə mavi doppalar hazırlanıb. Diasporadakı uyğurlar getdikcə daha çox doppa geyinirlər.
Doppanın Şərqi Türküstan milli kimliyini ifadə etmək üçün simvolik, lakin sadə bir yol olduğunu nəzərə alaraq, mühacirətdəki Şərqi Türküstan Hökuməti uyğurları onu gündəlik geyinməyə təşviq edir. Doppa mahiyyətcə uyğurların və digər türk xalqlarının özünəməxsus mədəniyyətinin, milli kimliyinin yox edilməsi cəhdlərinə qarşı müqavimət simvoluna çevrilib.
Məhbubə Mehdiyeva