Səfir: "Azərbaycan ABŞ-ın bölgədəki tərəfdaşıdır"

      Səfir:    "Azərbaycan ABŞ-ın bölgədəki tərəfdaşıdır"
  16 May 2022    Oxunub:1059
ABŞ-ın Azərbaycandakı səfiri Litzenberqer Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov ilə birgə ABŞ tərəfindən Komitəyə İngilis dilinin tədrisi üçün təqdim edilən kompüterləri və təlim materiallarını nəzərdən keçiriblər.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən AzVision.az -a verilən məlumatda deyilir.
Məlumata görə, avadanlıqlar ABŞ-ın Dövlət Gömrük Komitəsinə “Tərəfdaşların Əməliyyat Bacarıqlarının inkişafı” proqramı vasitəsilə ayırdığı 30 milyon dollar dəyəri olan yardımın bir hissəsidir. Bu proqram Azərbaycanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədinə xidmət edir. 2019-cu ildən bəri ABŞ-ın Müdafiə Departamenti Azərbaycana qanunsuz daşınmaların və sərhəd pozulmalarının qarşısının alınması üçün təqribən 90 milyon dollar dəyəri olan yardım ayırıb.

Səfir Litzenberqer çıxışı zaman qeyd edib ki, ABŞ Səfirliyi və Dövlət Gömrük Komitəsi güclü münasibətlər yaratmağa nail olub: “Azərbaycan əhalisinə təhlükə yaradan narkotik və digər qanunsuz malların daşınması hər zaman problem olmuşdur. Bu, xüsusilə Azərbaycanın İranla olan cənub sərhədində özünü biruzə verir. Bizim Müdafiə Departamentimiz, habelə ABŞ-ın digər hüquq-mühafizə agentlikləri, misal üçün Narkotiklərə Qarşı Mübarizə Administrasiyası, Dövlət Gömrük Komitəsi və digər sərhəd təhlükəsizliyi sahəsində çalışan orqanlar ilə birgə işləyir.

Bu əməkdaşlığın əsnasında biz təhlükələrin aradan qaldırılması üçün zəruri təlimləri təmin edirik. Azərbaycanın strateji baxımdan vacib olması onu ABŞ-ın bölgədəki tərəfdaşına çevirir. Əlimizdə olan fürsətdən istifadə edərək Azərbaycanın sərhədlərinin təhlükəsizliyini təmin edən insanlar üçün yarana bilən təhlükələrin qarşısının alınması məqsədi ilə yardım etməyə hazırıq”,- deyə o bildirib.

Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov səfirə gömrük işinin təşkili istiqamətində iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək, təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. C.Qasımov gömrük xidməti əməkdaşlarına ilkin xidmətə hazırlıq, ixtisasartırma və X-Ray təsvirlərinin analizinə dair təhlükəsizlik sistemləri ilə bağlı “RENFUL” şirkətinin mütəxəssisləri tərəfindən təlimlərinin keçirilməsi, o cümlədən Akademiyada müasir texniki nəzarət vasitələri ilə təmin edilmiş laboratoriyada gömrük orqanlarının vəzifəli şəxslərinin ixtisasartırma təlimlərinə cəlb edilmiş əməkdaşlarına təlimlərin keçirilməsi barədə ətraflı məlumat verib.

Daha sonra Cavad Qasımov Linqafon kabinetinin açılışının vacib perspektivindən söz açaraq onun qurulmasında, müvafiq tədris resursları ilə təmin olunmasında köməklik göstərildiyi üçün, həmçinin ABŞ-ın Cənubi Karolina ştatının Çarlston şəhərində 16-20 may tarixlərində “Kütləvi qırğın silahlarının yayılmaması üzrə beynəlxalq ixrac nəzarəti proqramı çərçivəsində beynəlxalq dəniz limanı qadağaları” mövzusunda keçirilən təlimdə gömrük əməkdaşlarının iştirakının təmin edilməsi ilə bağlı səfirə və ABŞ hökümətinə öz təşəkkürünü bildirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova səfirə Dövlət Gömrük Komitəsinin Akademiyasının əsas fəaliyyət istiqamətləri haqqında məluma verib, həm tələbələr, həm də gömrük xidməti əməkdaşları tərəfindən xarici dil olaraq ingilis dilinin mənimsənilməsinə Akademiyanın çox böyük önəm verdiyini vurğulayıb.

ABŞ-ın Narkotiklərə qarşı Mübarizə Administrasiyasının təmsilçisi Coşua Evansda tədbirdə iştirak edərək təşkilatın Azərbaycan hökuməti və ABŞ-ın Müdafiə Departamenti ilə etdiyi əməkdaşlığın vacibliyini vurğulamışdır. Evan “Azərbaycanla etdiyimiz əməkdaşlığın bir hissəsi olaraq biz Azərbaycan hökuməti və Müdafiə Departamenti ilə birgə narkotiklərin daşınmasına qarşı işimizi davam etdiririk” demişdir. O, “Azərbaycan Narkotiklərə qarşı Mübarizə Administrasiyasının vacib tərəfdaşıdır”-deyə əlavə edib.

ABŞ-ın Müdafiə Departamenti dünyanın müxtəlif dövlətlərindən olan tərəfdaşları ilə işləyərək onların qanunsuz malların daşınması, insan alveri və silah alverinə qarşı fəaliyyət üçün lazımı bacarıqlarını inkişaf etdirməyə yardım edir. Həmin qurum 2002-ci ildən bəri Dövlət Gömrük Komitəsi habelə Azərbaycanın digər sərhəd təhlükəsizliyi qurumları ilə fəal tərəfdaşlıq edib. 2019-cu ildən bəri Müdafiə Departamenti tərəfindən verilən yardımlar və təlimlər Azərbaycan Dövlət Gömrük Komitəsinin əməliyyat bacarıqların artırılması və narkotik və digər qanunsuz materiallar daşınmalarının qarşısının alınmasına xidmət edir.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti