"Əlvan metallarımızı dəyər zəncirinə daxil etməliyik" - Müsahibə (Video)

"Əlvan metallarımızı dəyər zəncirinə daxil etməliyik" -  Müsahibə (Video)
  24 May 2022    Oxunub:8819
“Yaşıl enerji” gündəliyi yaxın və orta perspektivdə əlvan metallara tələbatın və məzənnənin artacağı reallığını aktuallaşdırıb. Əlvan metalların uistehsalı və emalı prosesinin özünün ciddi ekoloji problemlər yaratdığını bildirən bəzi ekspertlər isə “yaşıl enerji”yə keçidin elə də ucuz başa gəlməyəcəyini vurğulayırlar.

İqtisadçı-ekspert Elman Sadıqov AzVision.az saytına müsahibəsində bu məqamlarla bağlı fikirlərini bölüşüb.

- Əlvan metallar bazarında dünyada hansı tendensiyaları müşahidə edirsiniz və bu tendensiyaları şərtləndirən hansı amillərdir?


- Əlvan metallar da digər faydalı qazıntılar kimi tükənən resurslardır. Əhalinin sayı artdıqca, iqitsadiyyatlarda inkişaf tendensiyası gücləndikcə, sənaye inkişaf etdikcə əlvan metalların çıxarılması, istifadəsi daha da sürətlənir. Əlvan metallar həm də Yer kürəsində hədsiz və yaxud da limitsiz deyil və müəyyən müddətdən sonra tükənməsi baş verir. Amma son dövrlərdə əlvan metallarda kəskin qiymət artımı və sıçrayışların səbəbi təkcə bu tükənmək sindromu deyil. Bunun əsas səbəblərindən biri də həm də pandemiya nəticəsində tədarük zəncirinin qırılması oldu.
Əgər biz, konkret olaraq, bütün əlvan və yaxud ağır metalların - mis, alüminium, palladium, platinium, sink və s. qiymətlərinə baxsaq, onların hamısının məzənnəsinin 2020-21-ci ilin əvvəllərində pik həddinə çatdığının, yəni 2017-18-19-cu illərin həddindən bəzi hallarda 80-100%, bəzi hallarda isə 1,5-2 dəfə artdığının şahidi oluruq. Amma hazırda biz həmin pik həddinə çatmış qiymətlərin geri dönməsi tendensiyasını görürük. Məsələn, alüminiumda qiymətlər geri qayıtmışdır. Sinkdə və palladiumda həmçinin. Bəzi metallarda, ümumiyyətlə, 40-50%, bəzilərində 30% dönüş var. Bunun da səbəbi postpandemiya dövründə istehsalın, tədarük zəncirlərinin yavaş-yavaş bərpası və iqtisadiyyatların öz normal məcrasına qayıtmasıdır.

- Bir sıra mütəxəssislər belə iddia irəli sürürlər ki, “yaşıl enerji” gündəliyi siz dediyinz prosesin bir də geriyə dönməsinə gətirib çıxaracaq. Çünki “yaşıl enerji” dövründə bu metallara tələbat kəskin artacaq ki, bu da yenidən bahalaşmaya səbəb olacaq. Sizcə, bu nə dərəcədə realdır?
- Bəzi metallar yeni tendensiyalara görə daha çox tələb görəcək. Bu nə deməkdir, yəni yeni tendensiya nədir? Haazırda istifadə olunacaq resurs və ya enerji Günəş enerjisidir. Günəş panellərində istifadə olunan material silisiumdur. Silisium nisbətən baha başa gəldiyi üçün daha çox evlərdə, istilikxanalarda istifadəsi nəzərdə tutulan kiçik günəş panellərində indium, qallium, selenit və misdən istifadə olunur. Yəni günəş panellərinin istehsalı üçün bu metallara daha çox ehtiyac var. Konkret olaraq, bu metalların qiymətlərində biz hələlik güclü sıçrayışlar görmürük. Çünki bu günədək onlardan çox istifadə olunmayıb. Hesablamalara görə onlar Yer kürəsində kifayət qədər var. Çıxarılması isə o qədər də çətin proses olmadığından, ucuz başa gəlir.
İkinci tendensiya elektromobillərdir. Məsələn, palladium bu günə qədər çox istifadə oluanan və çox tələb edilən metallardan biri idi. Çünki palladium istifadə etdiyimiz avtomobillərin katalizatorlarında ən çox işlənən metaldır. Amma elektromobillərdə katalizatorlar yoxdur və artıq palladiuma o qədər də ehtiyac qalmır. Palladiumun özü isə çox nadir metallardandır.
Nəticə etibarlə biz yeni tendensiyalar görürük. Bəs elektromobillərdə hansı metallardan daha çox istifadə olunacaq? Burada yenə də istifadə olunan misdir, nikeldir, litiumdur, kobaltdır. Yəni əgər siz gələcəkdə elektromobillərlə bağlı hansı metalların tələb olunacağını analiz etmək istəyirsinizsə, əsas bu dörd elementə baxacaqsınız. Dünyada hazırda mislə bağlı hələlik heç bir problem görünmür. Mis istehsalı çox yüksəkdir və mis bir çox ölkələrdə var. Misi ən çox istehsal edən ölkə Çilidir. Dünya istehsalının 1/3-i Çilidədir, ondan sonra Amerika Birləşmiş Ştatları gəlir.

- Son dövrlərdəki Qərb-Rusiya iqtisadi savaşı kontekstində həm yüksək texnologiyalar, həm də hərbi və kosmik sənayedə tələb olunan əlvan metallara tələbat məsələsi kollaps yaratmazmı?
- Yaratmaz. Səbəb nədir, niyə yaratmaz? Ona görə ki, birincisi, hazırda hansı ölkələrdə hansı metalların istehsal olunmasına baxsaq, Rusiya bir çox metalların istehsalına görə heç də 1-2-ci yerləri bölüşmür. Yəni ehtiyatlarla zəngindir, metallar var, amma həmin metalların çıxarılması, emalı, satışı məsələlərində digər ölkələr daha irəlidədirlər. Bir çox metallar üzrə Çin öndədir. Çin texnologiyanın, sənayenin inkişafı və ixracın artması nəticəsində, habelə həmin metallara tələbi də hiss edərək, daha aqressiv şəkildə ərazisində olan metalları çıxarır və emal edir. Amma Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada sənayenin son 30 ildə Çindəki sürətlə və yaxud da digər inkişaf etmiş olan ölkələrdəki kimi sürətli inkişafını görmürük. İstər avtomobil sənayesində, istər digər sənaye sahələrində inkişaf olmadığı üçün həmin metallara tələb də o qədər həyati əhəmiyyət daşımır. Rusiuyanın çox ciddi alüminium istehsalı var, alüminium dünyada ən baha başa gələn metallardan biridir. Çünki alüminiumun əridilməsinə külli miqdarda enerji lazımdır. Ona görə də, hazırda ucuz enerji əldə etmək imkanları olan ölkələr alüminuim sənayesini inkişaf etdirə bilirlər. Rusiyada alüminuim sənayesinin inkişaf etməsinin səbəblərindən biri enerjinin nisbətən ucuz olmasıdır. Bu da atom enerjisi və s. ilə bağlıdır. Amma digər metallarda dünyada öndə olan ölkələr var.
Cənubi Afrika respublikası, demək olar ki, bir çox metalların çıxarılmasında öndədir. Cənubi Amerika ölkələri, xüsusilə də Çili, Argentina, Amerika Birləşmiş Ştatları aktiv oyunçulardırlar. Rusiya metallarla zəngindir. Rusiya, demək olar, dünyanın yeganə ölkəsidir ki, Mendeleyev cədvəlində olan bütün elementlər orada var. Amma həmin elementləri hansı şəkildə çıxarır, hansı şəkildə istifadə edə bilir, həmin əlvan metallar sənayenin inkişafına hansı töhfəni verə bilir?

- Əgər alüminium və misdən danışırıqsa, bu kontekstdə Azərbaycanın ehtiyatları bizə hansı perspektivləri vəd edir? Həm onların istehsalı, həm emalı, həm də satışı baxımından Azərbaycan hazırda hansı yenilikləri və tendensiyaları nümayiş etdirir?
- Azərbaycanda Daşkəsəndən başqa əsas filiz yataqlarımızı 3 istiqamətdə görürük. Bunlar Ordubad, Qarabağ, bir də Balakən-Zaqataladır. Azərbaycanın filiz yataqlarında daha çox mis, kobalt, qurğuşun, kimi qiymətli materiallar var. Amma Azərbaycanın yataqları dünyadakı yataqlarla müqayisədə o qədər də zəngin deyil. Ərazimiz də o qədər böyük deyil. Yəni biz həmin yataqlardan çıxarılacaq əlvan metallarımızı xammal şəklində satsaq, heç də yüksək məbləğdə vəsait qazana bilmərik. Ona görə də, mən düşünürəm ki, həmin metallar tikiləcək metalsaflaşdırma zavodlarında saflaşdırılacaq. Bu hələ birinci mərhələdir, mütləq olmalıdır. İkinci mərhələdə biz həmin metalları öz sənayemizdə istifadə edə, yəni dəyər zənciri yarada bilərik. Çünki biz dəyər zənciri yaratmasaq, çıxardığımız misi, alüminiumu və sair metalları sadəcə xammal şəklində satmaqla yüksək vəsait əldə edə bilmərik. Bu çox önəmli məqamdır.
Misin, sinkin, nikelin və s. metalların saflaşdırılmasında və emalında o qədər də yüksək maya dəyəri tələb olunmur. Alüminiumun əridilməsində yüksək enerji tələb olunur. Amma düşünrəm ki, biz alternativ enerji istiqamətində gedirik, Qarabağ iqtisadi rayonunda da məhz alternativ enerjiyə diqqət yetirilir. Oradakı sənaye sahələri üçün "yaşıl enerji" çox önəmlidir.

- Bəzi mütəxəssislər qeyd edirlər ki, əslində əlvan metalların istehsalının özü ekoloji baxımdan o qədər də asan, rahat və sadə bir şey deyil yəni bunun da ekologiyaya çox ciddi təsirləri olur...
- Mən istəyərəm ki, həmin filiz yataqlarının, ümumiyyətlə, ağzını bağlayaq və saxlayaq. Çünki həmin filiz yataqlarının gətirəcəyi iqtisadi dəyər o qədər də yüksək deyil. Bəlkə gələcəkdə daha çox texniki imkanlardan, texnologiyanın imkanlarından istifadə edərək, biz həmin filiz yataqlarından daha çox fayda götürə bilərik, nəinki bu gün. Filizin, əlvan metalların özünün çıxarılması prosesi ekoloji fəlakət yaratmır. Çıxarılan filizin yerini isə sonra doldururlar. Necə ki, nefti çıxarıb yerinə su vururlar və məsələ bitir. Amma onun istifadəsi hansı şəkildə gedir? Yəni həmin metalların istifadəsi və emalı təbiətə onların çıxarılmasından daha çox zərər vurur. Çıxarmamaq da mümkün deyil, çünki biz elə bir dövrdə yaşayırıq ki, həmin əlvan metallar mütləq lazımdır. Əgər əlvan metallar olmasa, çıxarılmasa, emal olunmasa düşünürəm ki, həyat olmaz. Bu qədər insanın da yaşayışı, həyat şərtlərinin rahatlaşdırılması üçün əlvan metallara ehtiyac var. Biz onlardan imtina edə bilmərik. Biz həmin metalların çıxarılması, yəni emalı və istifadəsi nəticəsində təbiətə vurduğumuz zərəri kompensasiya etməliyik. Tutaq ki, il ərzində misin, alüminiumun, nikelin emalı üçün təbiətə nə qədər zərərli maddələr və yaxud da istilik buraxdığımızı hesablamalıyıq. Həmin maddələri kompensasiya etmək üçün nə qədər yaşıllığın lazım olduğunu, hansı tədbirlərin görülməsini və yaxud da havaya daha az zəhərli qazların buraxılması üçün hansı filtrlərdən istifadə olunması hesablanmalıdır. Əlvan metallardan imtina etməkdənsə bu məqamlar daha düzgün şəkildə hesablanıb tətbiq olunmalıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Enerji   metallar  





Xəbər lenti