Daha bir müharibə dəhşəti: Pianoya partlayıcı quraşdırdılar

      Daha bir müharibə dəhşəti:    Pianoya partlayıcı quraşdırdılar
  17 May 2022    Oxunub:4043
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən iki ay keçib. Bu müddət ərzində ağlasığmaz və təəcüblü görüntülər Buçada yaşanır.

Kiyev vilayətində yerləşən Buça Rusiyanın Kiyevi mühasirəyə alması üçün kritik bir şəhərdir. Aprel ayının əvvəlində minlərlə Ukrayna vətəndaşı Rusiya bölgədən çəkildiyi üçün evlərinə qayıdıb.
Buça sakini olan Tatyana Monko da geri qayıdanlar arasında olub. Lakin onun evi xarabalığa çevrilib. Partlayışlar pəncərələri sındırıb və demək olar ki, sahib olduqları hər şey şəhərə daxil olan rus əsgərləri tərəfindən məhv edilib. Sınmayan əşyalardan biri də Tatyananın 10 yaşlı qızı Darinkanın sevərək ifa etdiyi piano olub.

"Uğurlu və fəal şagird olan Darinkanın son illərdə piano, teatr, şahmat və müğənniliklə bağlı qazandığı medallar, kuboklar hələ də pianonun üzərində idi, amma qəribə bir şey hiss edirdim",- deyə Tatyana xanım bildirib.

Ana diqqətlə yerləşdirdiyi medalların və kubokların müxtəlif yerlərdə olduğunu dərhal anlayıb. Çünki qeyd edilən əşyaların yeri dəyişdirilmişdi. Qadın barmaqlarını yavaş-yavaş şübhəli şəkildə piano klavişlərinin üzərində gəzdirəndə dörd-beş klavişin yerindən tərpənmədiyini görüb.

Dərhal əsgərlərə məlumat verilib və ekspertlər çağırılıb. “Onlar pianonu təmizləyərkən biz mənzilin kənarında gözlədik” – deyən Tatyana Monko əlavə edib: “Mütəxəssislər mənzildən çıxanda uşaqların pianosuna qumbara bağlandığını bildirdilər”.

Kəşfiyyatçılar müəyyən ediblər ki, pianonun klavişlərinin altına qoyulan sursat Rusiya ordusunun istifadə etdiyi VOG-25P qumbarası olub.

Təəccüblü deyildi, Buça və digər şəhərlərdə çoxlu minalar və bubi tələləri, o cümlədən paltaryuyan maşınlara quraşdırılan partlayıcı qurğular haqqında çoxsaylı məlumatlar var.

Baş verənlərdən şoka düşən Tatyana Monko deyib:

“Bir neçə gündür ki, rahat yata bilmirəm və uşağın pianosuna partlayıcı qurğunun quraşdırılmasını anlaya bilmirəm. Axı bu, bilinir ki, uşağın istifadə etdiyi alətdir. Rusların ailəmiz üçün nə qədər sağalmaz kədər hazırladığını düşünmək qorxuncdur”.

Ötən həftə Buçada 1200-dən çox mina aşkar edildiyi bildirilir. Rusiya keçmişdə də belə tələlərdən istifadə edib. 2020-ci ildə Liviyadan çıxarkən Rusiyanın özəl hərbi şirkətlərinin toxunduqda partlayan xüsusi qurğuları tualet oturacaqlarına, qapılara və oyuncaq ayıların üzərinə yerləşdirdikləri ortaya çıxıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti