DİN Britaniya səfirliyinə cavab verdi: “Səhvini etiraf etməyə çağırırıq”

   DİN Britaniya səfirliyinə cavab verdi:  “Səhvini etiraf etməyə çağırırıq”
  17 May 2022    Oxunub:1461
2022-ci il mayın 14-də bir qrup şəxs Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya keçirib. Bu aksiyanın Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa zidd keçirilməsinə baxmayaraq polis əməkdaşları tərəfindən aksiyaya müdaxilə edilməyib, əksinə iştirakçıların təhlükəsizliyi təmin olunub və aksiyanın yekununda müvafiq bəyanat səsləndirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Böyük Britaniya səfirliyinə cavabında deyilir ki, aksiya zamanı hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb. Nazirlik vurğulayıb ki, həmin gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin polisin aksiyaya ciddi müdaxilə etməsi və çoxlu sayda saxlanılan şəxsin olması barədə yanlış məlumat yayması qəbuledilməzdir və Azərbaycanın daxili işlərinə əsassız müdaxilədir.

Belə ki, bu aksiyanın təşkilatçıları və iştirakçıları tərəfndən aksiyanın normal şəkildə keçdiyi və polisin davranışının qənaətbəxş qiymətləndirildiyi halda Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiyaya yanlış qiymət verməsi və ittihamedici iddialarla çıxış etməsi başadüşülən deyil.

"Bu bəyanatı öz xidməti vəzifələrini yerinə yetirən polisin nüfuzuna xələl yetirmək cəhdi kimi qiymətləndiririk. Böyük Britaniyanın Azərbaycandakı səfirliyini yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırıq. Ümid edirik ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında əməkdaşlığın və səmimi dialoqun inkişafına xidmət edəcək tərzdə fəaliyyət göstərəcək, süni siyasi əngəllər yaratmaq cəhdindən çəkiləcəkdir".

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti