"Görün kimləri itirmişəm, bu, çox ağır hissdir" - Azərbaycanın 93 yaşlı rəqqasəsi

   "Görün kimləri itirmişəm, bu, çox ağır hissdir" -    Azərbaycanın 93 yaşlı rəqqasəsi
  17 May 2022    Oxunub:1833
Bu gün Xalq artisti Roza Cəlilovanın doğum günüdür. Rəqqasə 93 yaşını qeyd edir. AzVision.az sənətkarın özəl günündə onu təbrik edib və yeni yaş təəssüratlarını öyrənib.
- Roza xanım, yeni yaşınızı hansı əhval-ruhiyyə ilə qeyd edirsiniz?

- Bu gün yeni yaşıma qədəm qoyuram, bu məni şad edir. Ancaq yaşıdım olan dostlarım, əzizlərim yanımda yoxdur. Bunun necə ağır olduğunu heç bilirsiniz? Keçirdiyim hissləri deyə bilmirəm. Hər şeyim var, ancaq dostlarım, rəfiqələrim yoxdur. Mənim üçün çox ağırdır. Konsertlərdə bir yerdə səhnəyə çıxırdıq, bir-birimizi həvəsləndirirdik. Mehriban idik. Görün kimləri itirmişəm. İndi isə tək qalmışam. Həyatım nə qədər gözəl olsa da hər yerdə onları axtarıram.



- Ömrünüzün ən çox hansı günləri üçün həsəd aparırsınız?

- Əminə Dilbazili, Tutu Həmidovalı, Nailə Mahmudovalı günlər üçün darıxıram. Bir-birimizə dəstək olurduq, dərdimizi, sözümüzü bölüşürdük.

Xalq məni sevir. Yubileyimdə insanlar şəkil çəkdirmək üçün növbə ilə gözləyirdilər.
Həyatım çox gözəl olub. Hökumət mənə gözəl baxıb. Xalq sevib. Mükafatlarım var. İndi isə yaş öz sözünü deyir. Mənimlə işləyənlər, rəhbərlərim, müəllimlərim yoxdur. Bu ağır hissdir.

Cismani mənada isə bəzən nasazlıqlarım olur. Ancaq fikir vermirəm. Keçən il 190 təzyiqlə mən səhnəyə çıxdım. Bu nə deməkdir? Sənətə olan hörmət. Sənətə olan məhəbbət. Mən ballerina idim. Baleti atıb, xalq rəqsinə gəldim.



-Yaşınıza rəğmən gözəlliyi qoruyub saxlamısınız…

-Mənim anam da , atam da qəşəng olub. Uşaqlarımız da elədir. Bu gözəlik ailəmizdən gəlib.

- Özəl gününüzdə ürəyinizin sarı simini nə tərpədər?

- Yada salınmaq mənim üçün mükafatdır. Yadda olmaq böyük xoşbəxtlikdir.



















Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti