Putinin dostu olan keçmiş kansler tək qaldı

   Putinin dostu olan keçmiş kansler tək qaldı
  18 May 2022    Oxunub:1063
Rusiya rəhbərliyinə yaxınlığına görə kəskin tənqid olunan Almaniyanın keçmiş kansleri Gerhard Şröder Bundestaqda ofis və əməkdaşlardan məhrum ediləcək.
AzVision.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Bundestaqın büdcə komitəsinin üzvləri siyasətçi ilə bağlı razılığa gəlib. Almaniyanın keçmiş kansler və prezidentlərinə Berlində ömürlük bir neçə işçisi olan şəxsi ofis, həmçinin xidməti avtomobil və sürücü ayrılır. Bütün bu xərclər dövlət büdcəsindən maliyyələşdirilir.

Dennis Rode (Sosial-Demokrat Partiyası), Sven-Kristian Kindler (“yaşıllar”) və Otto Frikke (Azad Demokratik Partiya) izah ediblər ki, G.Şröder artıq keçmiş kansler kimi heç bir öhdəliyi yerinə yetirmir, ona görə də onu işçilərlə və ofislə təmin etmək üçün heç bir əsas yoxdur. Buna görə də keçmiş hökumət başçısının bundestaqdakı ofisi bağlanacaq, lakin o, təqaüd alacaq və mühafizəçi ilə təmin olunacaq.

Beləliklə, Rusiya Prezidenti Vladimir Putinə ən yaxın alman siyasətçi sayılan G.Şröder büdcədən ona düşən təminatın əhəmiyyətli hissəsindən məhrum olunacaq. Qeyd edək ki, Şröderin işçi heyətinin xərcləri ildə təxminən 400 min avro təşkil edirdi. Almaniyada G.Şröder Kremlə yaxınlığına və Rusiya dövlət konsernləri ilə bağlı fəaliyyətinə görə sərt tənqid olunur.

AzVision.az



Teqlər: Almaniya  



Xəbər lenti