Rusiya 34 fransız diplomatını ölkədən çıxarır

   Rusiya 34 fransız diplomatını ölkədən çıxarır
  18 May 2022    Oxunub:1450
Rusiya cavab tədbiri olaraq Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşını persona non-qrata elan edib. Onlar iki həftə ərzində ölkəni tərk etməlidirlər. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Bildirilib ki, Fransanın Rusiyadakı səfiri Pyer Levi xarici işlər nazirliyinə çağırılıb və Fransa hökumətinin Rusiyanın Fransadakı diplomatik qurumlarının 41 əməkdaşını persona non -qrata elan etməsi ilə bağlı qərarı kəskin etirazla qarşılanıb. Bu addımın Rusiya-Fransa münasibətlərinə və konstruktiv ikitərəfli əməkdaşlığa ciddi ziyan vurduğu vurğulanıb.

Buna cavab olaraq Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşı persona non- qrata elan edilib. Onlara səfirə müvafiq notanın verildiyi tarixdən etibarən iki həftə ərzində Rusiya ərazisini tərk etmək tapşırılıb.

Fransa Xarici İşlər Nazirliyi isə Rusiyanın fransız diplomatlarını ölkədən çıxarmaq qərarından təəssüflənib və bunu əsassız hesab edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti