Ermənistanda müxalifətçilərin mənzillərində axtarışlar aparılıb

   Ermənistanda müxalifətçilərin mənzillərində axtarışlar aparılıb
  24 May 2022    Oxunub:842
Ermənistanda fasiləsiz etiraz aksiyaları keçirən müxalifət ciddi siyasi təzyiqlərə məruz qaldığını bəyan edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, vətəndaş itaətsizliyi aksiyalarının təşkilatçıları sosial şəbəkələrdə paylaşım edərək tərəfdaşlarının nəzarətə götürdüyünü bəyan edirlər.

"Baş naziri Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifəti müxalifətçilərin mənzillərində axtarışların aparıldığını bəyan edib. Xüsusilə də, parlamentin vitse-spikeri İşxan Saqatelyanın yaydığı məlumat diqqət çəkib. O, sosial şəbəkələrdə yazıb ki, polis hazırda Tavuş, Kotayk və Qeqarkunik vilayətlərində “Daşnaksütyun” partiyasının üzvlərinin evlərində axtarış aparır. Onun sözlərinə görə, bu cinayət əmrini verən və onu icra edənlər məsuliyyətə cəlb olunacaqlar", - saytlar yazıb.

Bölgələrdə aparılan axtarışlar barədə digər müxalifət qüvvələrinin, xüsusən də Ermənistan Respublika Partiyası və Vətən Partiyasının nümayəndələri də məlumat yayıblar.

Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasəti göstərirlər. Qeyd edilir ki, baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyub. Müxalifətçilər təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Müxalifət  





Xəbər lenti