Britaniya hərbi gəmilərini Qara dənizə göndərə bilər

   Britaniya hərbi gəmilərini Qara dənizə göndərə bilər
  24 May 2022    Oxunub:637
Böyük Britaniya və müttəfiqləri Ukrayna taxıl yük gəmilərini müşayiət etmək üçün öz hərbi gəmilərini Qara dənizə göndərə bilərlər. “The Times” qəzetinin yazdığına görə, Böyük Britaniya və müttəfiqləri yaxın həftələrdə Odessadan Bosfor boğazı vasitəsilə Ukrayna ərzaq məhsullarının ixracı üçün dəniz dəhlizi yaratmağa çalışır.
Nəşr diplomatik mənbəyə istinadən qeyd edir ki, bu təşəbbüs Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Liz Trass tərəfindən dəstəklənir, lakin belə planın həyata keçirilməsi üçün çox güman ki, ABŞ-ın təsdiqi tələb olunacaq.

“The Times”ın həmsöhbətinin sözlərinə görə, təkcə Odessadan deyil, həm də Nikolayevdən gedən gəmilərin müşayiəti barədə danışmaq olar. Məqalədə qeyd edildiyi kimi, əməliyyat Qara dənizdəki dəniz minalarının çıxarılmasını və Ukraynanı yeni Rusiya tərəfinin hücumlarından qorunmaq üçün uzaqmənzilli silahlarla, o cümlədən gəmi əleyhinə raketlərlə təmin etməyi tələb edəcək.

Nəşr hesab edir ki, NATO ölkələri, eləcə də taxılın bahalaşmasının ciddi çətinliklər yaratdığı Misir koalisiyaya üzv ola bilər. Eyni zamanda “The Times”a münasibət bildirən Qərb rəsmilərindən biri belə bir əməliyyatın riskli olacağına və bir sıra problemlərin həllini tələb edəcəyinə işarə edib. Bunlardan biri də Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra Bosfor boğazını döyüş gəmiləri üçün bağlayan Türkiyənin mövqeyi olacaq.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Qara-dəniz  





Xəbər lenti