Naxçıvanın işğal olunmuş Kərki kəndi - Vacib hərbi-strateji məntəqə - FOTOLAR

   Naxçıvanın işğal olunmuş Kərki kəndi -    Vacib hərbi-strateji məntəqə - FOTOLAR
  24 May 2022    Oxunub:1600
Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncamı Naxçıvanın işğal altındakı Kərki kəndinin də delimitasiya prosesinə daxil edildiyini rəsmi olaraq təsdiqləyib.
Bunu Dövlət Komissiyasının tərkibinə nəzər saldıqda da görmək olur. Belə ki, Dövlət Komissiyasının üzvləri sırasında Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini də təmsil olunacaq.

Bəs Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndi olan Kərki haqqında nə bilirik?

Modern.az saytı Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazinə daxil olan Kərki kəndi haqqında bəzi məlumatları diqqətinizə çatdırır.

Kərki Azərbaycanın Ermənistan ərazisindəki eksklavlarından (bir dövlətin başqa bir dövlət tərəfindən onunla əlaqəsi kəsilmiş torpağı) biridir. Yəni, Kərki Azərbaycan üçün eksklav, Ermənistan üçün isə anklavdır.



Naxçıvan Muxtar Respublikasının Şimal-qərbində, Sədərək qəsəbəsinin 8-10 kilometrliyində yerləşən Kərki 960 hektara yaxın ərazini əhatə edir. Vaxtilə Sədərəkdən Kərkiyə avtomobil yolu gedirdi.

Tarxi mənbələrə görə, ötən əsrin 30-cu illərində SSRİ rəhbərliyinin bədnam qərarı ilə Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi gizli olaraq Ermənistana verilib. Həmin torpaqların Ermənistana verilməsi haqda protokola o zamanlar Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində yerləşmiş iki erməni Qadakçiyan və İsaxiyan qol çəkiblər.

Yerli azərbaycanlı əhali arasında açıq narazılıqlar yaranmasının qarşısını almaq məqsədi ilə təkcə Kərkinin yerləşdiyi çox kiçik bir ərazi Azərbaycanın tərkibində saxlanılıb, kənd ətrafındakı 900 hektardan artıq bir ərazi (dairəvi şəkildə ətraf torpaqlar) əsassız, saxta sənədlə Ermənistana verilib. Bunun nəticəsində də Kərki kəndi Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşüb.



Kərki kəndi 1990-cı ilin yanvarın 15-20-də ermənilər tərəfindən işğal edilib. 30 ildən çoxdur Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Kərkiyə Ermənistan hökuməti Tiqranaşen adını verib.

Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən magistral yol keçir ki, bu da Kərkini strateji yaşayış məntəqəsi kimi qiymətləndirməyə əsas verir.


Kərki 1990-cı ildə işğal ediləndən sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Naxçıvanın Kəngərli rayonunda yeni qəsəbə salınıb. Kərkili məcburi köçkünlər Yeni Kərki adlı həmin qəsəbədə məskunlaşıblar.

Hazırda Kərki kəndinin məcburi köçkünlərinin ümumi sayı 1000 nəfərə yaxındır.

Kənd ərazisində keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərlərinin türbəsi var idi. Həmin abidənin indi qalıb-qalmadığı məlum deyil.



Kərki işğal olunandan sonra bura ermənilər köçərək azərbaycanlıların evlərini zəbt ediblər. Ermənistan KİV-lərinin məlumatlarına görə, hazırda Kərkidə 200-ə yaxın erməni yaşayır.

Kənddə yaşayan 40 erməni ailəsi əkin-biçinlə məşğul olur, heyvan saxlayır. Ermənilər kənddə məktəb də açıblar.

Erməni jurnalistlər bir müddət əvvəl kənddən reportaj hazırlayarkən, orada müvəqqəti məskunlaşmış Ermənistan vətəndaşları Kərkinin Azərbaycana qaytarılacağından vahimələndiklərini gizlətməmişdilər:

“Əgər bu kəndi türkə qaytarsaq, elə bilin ki, İrəvan da getdi”.



Ermənistan mətbuatında gedən məlumatlardan belə məlum olur ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş bəzi rayonlardan qaçan ermənilər indi də gəlib Kərkidə məskunlaşıblar.

Burada yaşayan ermənilər jurnalistlərə deyiblər ki, Kərki adi bir kənd deyil, vacib hərbi-strateji məntəqədir. Ermənistan üçün vacib dövlətlərarası magistral yol məhz Kərkidən keçdiyi üçün bunu söyləyiblər.

Bundan başqa, Kərki kəndinin ərazisindəki hündür dağın zirvəsindən birbaşa Ermənistan paytaxtı İrəvan görünür.

“Təsəvvür edin, Azərbaycan əsgərləri o dağın təpəsində dursalar, paytaxt İrəvan ovuclarının içində qalacaq”,-deyə Kərkidə yaşayan mülki ermənilər jurnalistlərə həyəcanlı açıqlamalarında vurğulayıblar.

Qeyd edildiyi kimi, Kərki kəndinin ətrafında böyük bir dağ silsiləsi uzanır. Tarixi mənbələrə görə, lap qədim zamanlarda yerli azərbaycanlılar həmin dağı “Qızıldaş” adlandırıblar. Bəzi məlumatlara görə, “Qızıldaş” dağında qızıl yataqları mövcuddur…





AzVision.az


Teqlər:





Xəbər lenti