"Realnı məktəbi o vəziyyətdə görüb qəlbən ağladım" - Direktor

   "Realnı məktəbi o vəziyyətdə görüb qəlbən ağladım" -    Direktor
  24 May 2022    Oxunub:1400
“Şuşadan təzə qayıtmışam. Orada hər yanda, ata evimdə və uzun illər dərs dediyim, günümün yarısını keçirdiyim Şuşa Realnı məktəbində də oldum. Məktəb binasının o vəziyyəti mənə çox pis təsir etdi. Qəlbən ağladım. Heyf o gözəllikdəki binadan”.

Bunu AzVision.az -a açıqlamasında Şuşa Realnı məktəbində fəaliyyət göstərən Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbinin bir zamanlar direktoru olan Şükür Nəsibov deyib.
-Realnı məktəbin binası yox vəziyyətindədir. İki yataxana korpusumuz çöküb. Tədris korpsusunda ikinci mərtəbədən üçüncü mərtəbəyə çıxa bilmədik. Heyf o pilləkanlardan, hamısı tökülmə mərmər idi. Saldığımız bağdan, məktəbyanı sahədən əsər-əlamət qalmayıb, deyə direktor vurğulayıb.

“Məktəbin olduğu əraziyə gələndə gözümün önündə keçmiş günlər, şagirdlərin səsi, dərslərimiz, müəllimlərimiz canlandı. Şəkillərdə dağılmış vəziyyətini görmüşdüm, amma canlı görmək fərqli imiş. Məktəbi o vəziyyətdə görüb qəlbən ağladım. Cənab Prezident tərəfindən Sərəncam imzalandı, bina bərpa olunacaq. Şuşa Realnı məktəbində yenidən dərs keçiləcək, şagirdlər dəhlizlərdə qaçacaq, hətta dəcəlliklər də edəcəklər. Eyni zamanda inanıram ki, bu məktəbin yetirmələri yenə də ön sıralarda olacaq”.



Ş.Nəsibov ata evinə də baş çəkib. Amma burada da acınacaqlı mənzərə ilə üzləşib. Doğulub, boya başa çatdığı evdən yalnız giriş darvazası və ön divar qalıb.
“Demişdim ki, Şuşaya 1992-ci ildə çıxdığım qırmızı VAZ 2106 maşınımla qayıdacam. Amma qismət olmadı. Növbəti səfərimdə mütləq o maşınla Şuşaya gedəcəm.
Şuşada olanda bərpa işlərinin sürətlə aparıldığını gördüm. Prezidentin dediyi kimi bu il Qarabağa köç olacaq. Çox gümanki sentyabr, oktyabr ayına qədər də işlər yekunlaşar, bizlər də qayıdarıq. Ömrümün yarısını Şuşada keçirmişəm, qalan ömrümü də orada tamamlamaq yəqinki qismət olar”.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti