Müstəqillik Günü Koreyada qeyd olundu

Müstəqillik Günü Koreyada qeyd olundu
  25 May 2022    Oxunub:938
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi 28 May - Müstəqillik Günü və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Seulda rəsmi qəbul keçirilib.
Səfirlikdən AzVision.az -a bildiriblər ki, tədbirdə Koreya Respublikasının dövlət və hökumət rəsmiləri, Koreya Respublikası Prezidenti yanında Şimal İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Park Conq-su, Dünya Taekvando Federasiyasının prezidenti Çou Çonqvon, Koreya İdxalçılar Assosiasiyasının prezidenti Kim Byonq-kvan, Seulda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, media nümayəndələri, iri şirkətlərin, elm təşkilatlarının, ali təhsil ocaqlarının və beyin mərkəzlərinin təmsilçiləri, Koreyada təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himni səsləndikdən sonra səfir Rəmzi Teymurov Müstəqillik Gününün əhəmiyyəti barədə danışaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə olunmuş nailiyyətlər barədə danışıb. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığı, qısa mövcudluğu dövründə ölkədə siyasi-iqtisadi islahatların həyata keçirildiyi, demokratik institutların təsis olunduğu qeyd edilib.

R.Teymurov Xalq Cümhuriyyətinin mövcudluğunun uzun sürmədiyini və bolşevik işğalı nəticəsində Azərbaycanın 70 il Sovet İttifaqının tərkibində olduğunu qeyd edib. O, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın hərbi təcavüzünə məruz qaldığını söyləyib. Səfir ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində Azərbaycanın çətin vəziyyətdən xilas olduğunu və özünün inkişaf mərhələsinə qədəm qoyduğunu deyib.

Diplomat Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrildiyini və nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıb.

Azərbaycanla Koreya Respublikası arasında diplomatik əlaqələrin 30 illiyinə toxunan diplomat, ötən müddətdə ölkələrimizin möhkəm ikitərəfli münasibətlər qurmağa nail olduğunu, təmas və mübadilələrin diplomatik təmsilçilik, ali və yüksək səviyyəli səfərlər, müxtəlif əməkdaşlıq mexanizmləri və layihələri ilə özünü büruzə verdiyini vurğulayıb.

Hazırda Azərbaycan və Koreya Respublikası arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu vurğulayan R.Teymurov, bu çərçivədə 30 ildən sonra Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərində aparılan quruculuq işləri, nəzərdə tutulan layihələr barədə məlumat verib, Koreya şirkətlərinin həmin quruculuq işlərinə dəvət edildiyini bildirib və bu istiqamətdə görülmüş işlərə dair məlumat verib.

Koreya Respublikası xarici işlər nazirinin müavini Yun Sonq-dok hökuməti adından Azərbaycan xalqını Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd edən Yun Sonq-dok, Azərbaycanın Cənubi Qafqaz regionunda Koreya Respublikasının ən sıx tərəfdaşlıq etdiyi ölkə olduğunu nəzərə çatdırıb. O, Koreya Respublikasının yeni hökumətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) prezidenti Sohn Hyuk-sang əlamətdar hadisələr münasibətilə təbriklərini çatdırıb, gələcəkdə Azərbaycan ilə Koreya Respublikası arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə və rəhbərlik etdiyi təşkilat ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) birgə texniki yardım layihələrini icra etmələrinə inamını bildirib.

Rəsmi qəbulda Koreyanın opera müğənnilərinin ifasında Azərbaycan və dünya klassik musiqi nümunələri səsləndirilib, səfirliyin və “Türk Hava Yolları” şirkətinin Seul nümayəndəliyinin birgə təşkilatçılığı ilə lotereya keçirilib. Lotereyada qalib gələnlərə Azərbaycana dair qiymətli hədiyyələr və Seul-Bakı-Seul aviabiletləri hədiyyə olunub. Tədbirdə, həmçinin Azərbaycan-Koreya Respublikası diplomatik əlaqələrinin 30 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyələri və broşürləri iştirakçılara paylanıb.

Tədbirin keçirildiyi binanın foyesində Azərbaycan və Koreya Respublikası arasında diplomatik əlaqələrdən, ölkəmizin füsunkar gözəlliyindən bəhs edən baner və fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti