"Anama bu həsrəti yaşatdığım üçün peşmanam" - Əfv edilən ömürlük məhbus + VİDEO

 "Anama bu həsrəti yaşatdığım üçün peşmanam" -  Əfv edilən ömürlük məhbus + VİDEO
  28 May 2022    Oxunub:3720
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Qobustan Həbsxanasında əfv sərəncamı icra edilib. Sərəncam bu həbsxanada saxlanılan məhkumlardan 2 nəfərə şamil olunub. Onlardan biri 23 il həbsxana həyatı yaşayan ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadə olub. AzVision.az-a danışan Ş.Səmədzadə azadlığa qovuşmasına görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə və onun ailəsinə minnətdarlığını bildirib.


"Nəhayət dövlət başçımız, Ali Baş Komandanımız məni əfv etdi. Onu da deyim ki, Birinci Qarabağ döyüşçüsüyəm. Ən çox məni sevindirən Ali Baş Komandanımızın məni buradan məğlub əsgər kimi yox, qalib əsgər kimi çıxarmasıdır. Prezidentin mənə verdiyi ikinci şansı düzgün qiymətləndirib, dəyərləndirəcəyəm".

Şəmsi Səmədzadə həbsdə olduğu müddətdə anası üçün daha çox darıxdığını dilə gətirib:

"Həbsdən azad olunmaq müjdəmi anama vermək arzum idi, bu arzum həyata keçdi. Azad olunmağımda çox insanın zəhməti var. Bəlkə ad çəksəm, bir çoxunun adını unudub, günaha batmış olaram. Ona görə də mən əziyyəti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Mübarizə apararaq bugünki azadlığıma qovuşdum.

Çünki mən burada olmalı adam deyiləm, əlim qana batmayıb. Bu divarlar məni özünə yapışdıra bilməzdi.



Mən "Səməd oğlu Atatürk" şirkətinin rəhbəriyəm. Bu gün şirkətim çox zəif formada xidmət göstərir. Amma əminəm ki, dövlət başçımızın, dövlətimizin dəstəyi sayəsində bu işi inkişaf etdirəcəyəm. Mən özümə bələdəm.

İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmək üçün müraciət etmişdim. Mənim 70 nəfər qohumum şəhiddir. Milli Qəhrəman Etibar Hacıyev əmim oğludur. Həmişə deyirdim ki, burada olmaqdansa, şəhid olmağı seçərdim.

Mən ağlayan adam deyiləm, çox dözümlüyəm. Hətta atam rəhmətə gedəndə də ağlamamışam. Amma İkinci Qarabağ müharibəsində hər dəfə Prezidentin qələbə xəbərlərində özümü sevincdən saxlaya bilmirdim. Çünki bizim millətə Ali Baş Komandan və şəhidlərimiz şərəf gətirdilər. Mən tarixçi oğluyam. Bu səbəbdən tarixi yaxşı bilirəm. 400 il Azərbaycan ərazi itirib. Amma 400 ildən sonra cənab Ali Baş Komandan Azərbaycan türkünün qələbə qazanma ruhunu ayağa qaldırdı. Buna sevinməmək mümkün deyil".



Həmsöhbətimiz bildirib ki, Heydər Əliyevin xeyir-duası ilə Londonda iş adamı kimi kurslar keçib və bu sahədə püxtələşib:

"Bir iş adamı kimi məni ilk dəfə Ulu öndər Heydər Əliyev şəxsən qəbul edib, Londona səfərə göndərib. Amma bəzi naxələf məmurlar var ki, rüşvət alır, dövlətin pulunu dağıdır. Həmin məmurlardan da biri mənim həbsxanaya düşməyimin səbəbkarı olub. Ancaq mən həmin adamı özümə düşmən bilmirəm. Bizim bir düşmənimiz var, o da ermənidir. Kimsə pisliyindən qalmırsa, mən də yaxşılığımdan qalmayacağam. Mənim yeganə məqsədim bundan sonra heç kimə kin güdmədən cənab Prezidentin istiqamət verdiyi yerdə iş quracağam. Hansı istiqamət olduğunu qeyd etməyəcəm. Lazım olarsa, heyvan saxlayacağam, heyvan altı təmizləyəcəyəm, yaxud da usta işləyəcəm. Hansı sahədə lazımamsa, o sahədə də xidmət edəcəyəm".



Şəmsi Səmədzadə bu illər ərzində gümrah qalmağından da danışıb: "Həbsxanada rəhbərlik mənə insan kimi davranıb. Çünki mən özümü insan kimi aparırdım. Ailəmlə görüşdə, yaxud digər məsələlərdə mənə problem yaratmadılar. Mən həyatda o vaxt sınardım ki, mənə insan kimi davranmasınlar. O zaman bu yükü qaldıra bilməzdim.

Mən bilirdim ki, bir gün ədalət öz bəhrəsini verəcək. Buna görə də Prezidentə borcluyam.

Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ bölgəsində səfərdədirlər. Bizim qərarımız Qarabağda verilib. Buna necə sevinməmək olar? Mənim bir tərəfim Göyçay mahalının Zod kəndindəndir, digər tərəfim isə Kəlbəcərdəndir. Mən bütün gücümlə, Allahın izini ilə Kəlbəcərə getmək istəyirəm".

Şəmsi Səmədzadənin sözlərinə görə, həbsxanadan çıxan kimi ilk oaraq Ulu öndərin, daha sonra isə şəhidlərimizin məzarını ziyarət edəcək: "Birinci Qarabağ müharibəsində döyüşdüyüm üçün şəhid Polad Həşimovla münasibətim olub. Onun məzarını da ziyarət edəcəyəm. Daha sonra isə anamın əlindən, ayağından öpəcəyəm. Bu 23 ildə ona bu həsrəti yaşatdığım üçün çox peşmanam. Atamın məzarını da ziyarət edəcəyəm".



Şahanə Rəhimli
AzVision.az

Teqlər: ŞəmsiSəmədzadə   Əfv  







Xəbər lenti