“Quru sərhədlərini açmasaq, quru yerdə qalacağıq” – Ekspert

   “Quru sərhədlərini açmasaq, quru yerdə qalacağıq” –    Ekspert
  30 May 2022    Oxunub:2983
“Artıq yay turizm mövsümü başlayır. Bu yayı mütləq ölkənin turizm sektoru üçün dirçəliş şansına çevirməliyik. Pandemiyanın iki ildir ki, boğub, taqətdən saldığı turizm sektoru bu yay ayağa qalxmalı və itirdiklərinin heç olmasa bir hissəsini bərpa etməlidir. Bu, mütləqdir”.
Bu sözləri iqtisadiyyat elmləri doktoru, professor, “Ukrayna Ticarət Evi”nin rəhbəri Əlibala Məhərrəmzadə deyib. O bildirib ki, məsələ təkcə turizm sektoru yox, bütövlükdə ölkə iqtisadiyyatı, əhalinin sosial rifahı baxımından vacib əhəmiyyət daşıyır. 2022-ci ilin yayının turizmin bərpasında dönüş fəsli olması üçün hamı əlindən gələni etməlidir. Amma ilk və əsas addımı hökumət atmalıdır.
- Sahəyə yaxından bələd olan şəxs kimi tam məsuliyyətlə deyə bilərəm ki, turizm sektoru personalın infrastrukturun hazırlığı baxımından mövsümə 85-90% hazırdır,- o vurğulayıb. - Otellər, yollar, restoranlar, əyləncə məkanları və sair və ilaxır – bunların hamısı turistləri gözləyir. Bircə qalır əsas məsələ - quru sərhədlərin açılması. Yada salaq, 2019-cu ilin yay mövsümündə Azərbaycana 3,2 milyondan çox turist gəlmişdi. Sektor çox dinamik inkişaf edir, gəlirlər artırdı. Azərbaycan dünya turizm bazarındakı yerini addım-addım möhkəmləndirirdi. Amma pandemiya hər şeyi korladı.

Məhərrəmzadə qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkəmizə 330 min turizm gəlib. Pandemiyayaqədərki dövrlə heç müqayisə etmək də mümkün deyil, amma əsas odur ki, həvəs var, meyl var, onu gücləndirmək və şərait yaratmaq lazımdır: “Ölkəyə səfər edənlərin 72,3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. İnsanlar adətən qonşu ölkəyə təyyarə ilə getmək istəmirlər. Deməli, əgər quru sərhədlərimiz açılsa, təkcə elə qonşu ölkələrdən gələnlərin hesabına rəqəmi bir neçə dəfə artır bilərik.
Hazırda dünya ölkələri bir-birinin ardınca sərhəddən keçmək üçün COVİD məhdudiyyətlərini ləğv edirlər. Son iki ayda Macarıstan, Rumıniya, Monteneqro, İsveç, Çexiya, Vyetnam, Tayland, Albaniya, Bolqarıstan, Ermənistan, Yunanıstan, Qırğızıstan, Litva, Xorvatiya, Serbiya, Avstriya, Oman... bu addımı atıblar. Hər həftə siyahı böyüyə-böyüyə gedir. Kim qabağa düşsə, 2002-ci ilin turizm piroqundan daha çox pay qopara biləcək. Yaxşı, biz nəyi gözləyirik? Nədən qorxuruq?!”

İqtisadçı xatırladıb ki, əhalinin 30%-i artıq vaksinin buster dozasını vurdurub. 782 min insan yoluxub və sağalıb. Gündəlik yoluxma sayı təkrəqəmli ədədlə ifadə olunur. Pandemik vəziyyətdə narahatlıq doğuran heç nə yoxdur. İki il yarıma artıq kütləvi immunitet yaranmaya bilməz. “Hal bu ikən, ölkənin iqtisadiyyatının neftdən sonra ən çox valyuta gətirən sektorunun dirçəlişinin qarşısını almağa dəyərmi? Pandemiyadan öncə turizmin illik gəliri 2.7 milyard dollara çatmışdı. Biz hansı məntiqlə bu qədər valyutadan imtina edirik?”,- o sual verib.

Professor əmindir ki, müəyyən ehtiyat tədbirlərini gözləməklə quru sərhədlərini açmağın vaxtıdır: “Bu gün heç də tez deyil, amma sabah gec ola bilər. Məsələn, elə günü sabahdan buster doza vurdurmuş şəxsləri maneəsiz ölkəyə buraxa bilərik. Yaxud, sərhəd-keçid məntəqələrində turistləri PCR-testdən keçirib, “xoş gəldin” demək mümkündür. İşi ehtyatlı tutmaq istəsək, lap pandemik vəziyyətin xoşagəlməz olduğu bəzi ölkələri (belələri çox azdır) selektiv qaydada istisna etmək də olar. Amma indiki kimi quru sərhədini ümumən bağlı saxlamaq çox ağılsız siyasətdir. İlk növbədə qonşu ölkələrin üzünə qapıları dərhal açmaq vaxtıdır.

Başa düşmək lazımdır ki, burada hər şey öz əlimizdədir: Sabah yoluxma sayı artsa, qapıları yenidən bağlamaq da mümkündür. Amma hansısa zəif ehtimala görə vacib bir sektoru çökdürmək olmaz. Xüsusilə də indiki vaxtda: inflyasiyanın əhalinin cibinə girdiyi, sosial vəziyyətin mənfiyə doğru dəyişdiyi dövrdə turizm on minlərlə insan üçün çıxış yolu ola bilər.

2021-ci ildə ölkəmizə təxminən 792 min turizm gəlmişdi. 2019-cu ildəki 3,2 milyon hara, 792 min hara. Vəziyyət indiki kimi qalsa, bu il turistlərin sayı milyonu zorla keçəcək. Amma belə olmamalıdır. Quru sərhədləri vaxtında açılsa, bu il 2 milyona yaxın turistin gəlməsi tamamilə realdır. Hazırda sərhədlərin bağlı qalması geniş mənada onları açmaqdan daha böyük riskdir. Hökumət bütün bu ehtimalları və riskləri düzgün hesablamalıdır. Əgər quru yerdə qalmaq istəmiriksə, quru sərhədləri mütləq açmaq lazımdır”.



Teqlər: Turizm  





Xəbər lenti