Mayın 15-də keçirilən imtahanın nəticələri elan edildi

   Mayın 15-də keçirilən imtahanın nəticələri elan edildi
  01 İyun 2022    Oxunub:1611
Dövlət İmtahan Mərkəzi mayın 15-də keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib.
AzVision.az xəbər verir ki, abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələri elan edilən imtahanlar aşağıdakılardır:

- əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

- aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2022/nettex/?frm=egov öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2022/netorta/ istifadə etməlidirlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 14 121 nəfərdən 1241 nəfər imtahana gəlməyib. 7 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 8 iyun 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 5 iyun saat 10:00-dan 7 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti