Xaricdə oxuyacaq gənclərin seçilməsi qaydası təsdiqləndi

   Xaricdə oxuyacaq gənclərin seçilməsi qaydası təsdiqləndi
  03 İyun 2022    Oxunub:1313
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda təsdiq edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.

Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları müəyyən edilib.

Həmçinin Nazirlər Kabinetinin digər qərarı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası təsdiq edilib.

Bu Qərar da Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.

Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının təhsil, viza, qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat və digər xərclərinin qarşılanması nəzərdə tutulub.

Proqram iştirakçılarının bakalavriat səviyyəsi üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılır:

namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və ya tam orta təhsilə malik olması;
namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
namizədin xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;

namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması;

təhsil almaq istədiyi ixtisas sahəsi üzrə namizədin bilik və bacarıqları;

namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

Proqram iştirakçılarının magistratura səviyyəsi üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılır:

namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);

namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;

namizədin xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması; namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

namizədin bakalavriat təhsil səviyyəsi üzrə Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması);

təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları;

namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

Qeyd edək ki, namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın tədrisi iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, həmin müəssisələr Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ali təhsil müəssisələrinə uyğun olmalıdır.

AzVision.az



Teqlər: Təhsil  





Xəbər lenti