Paşinyan Arayiklə niyə gizli görüşüb?
Erməni mediası və ümumilikdə siyasətçilər bu hadisəyə reaksiya verərkən Nikol Paşinyanla Arayik Arutyunyan arasında münasibətlərin yaxşı olmamasına diqqət çəkiblər. Ermənistan baş nazirinin bu yaxınlarda Qarabağla bağlı verdiyi məlum açıqlamadan sonra bu münasibətlər daha da gərginləşib. Paşinyanın “nəzəri olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi təsəvvür etmək mümkündür” sözlərinə Qarabağ erməniləri sərt reaksiya vermişdilər.
Xatırladaq ki, Ermənistan rəhbərinin Brüssel səfərindən sonra mətbuat yazmışdı ki, Paşinyan Arayikin könlünü almaq üçün onunla telefonla danışıb. Danışığın məqsədi isə Şarl Mişelin Qarabağ bəyanatı olub. Aİ Şurasının rəhbəri “Qarabağda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı” bəyanatında bir dəfə də olsun qondarma rejimin gələcək taleyi, hansısa status barədə cümlə işlətməmişdi. İrəvanda gündəmə çevrilən bu məsələyə reaksiya verən yerli media yazır ki, Paşinyan hələ o vaxtı telefon danışığında Arutyunyanı Şarl Mişelin fikirlərinin yanlış anlaşıldığını inandırmağa çalışıb.
Arayikin məhz baş nazirin Moskvaya son iki səfərindən, Brüsseldə Şarl Mişellə görüşündən sonra Paşinyanın qapısını gizli şəkildə döyməsi isə doğrudan da diqqət çəkən məqam oldu. Hərçənd erməni mediasının yazmasına görə, hökumət dairələri separatçıların rəhbərinin son səfərini fərqli yöndə qiymətləndiriblər. İddia edilir ki, görüşdə Qarabağ məsələsinə dair danışıqlar müzakirə edilməyib. Gizli görüşün reallaşmasına səbəb Qarabağ ermənilərinin də aktivləşərək İrəvan əleyhinə aksiyalara başlamasıdır. Paşinyan müxalifətin Xankəndidə də mitinqlər təşkil etməsini sadəcə həzm edə bilmir.
Görünən odur ki, Arayik İrəvana gizli şəkildə boşuna getməyib. O Ermənistana ya İkinci Qarabağ müharibəsindən sonra münasibəti soyuduğu Paşinyandan sülh prosesləri ilə bağlı yeni təlimat almaq üçün gəlibmiş, ya da yerli medianın iddia etdiyi kimi müxalifətin Qarabağa da fitnə-fəsad salmağa çalışmasına dair hesabat verirmiş.
Tural Tağıyev
AzVision.az
Teqlər: Paşinyan Ermənistan Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


