Bu gün Vətən müharibəsi şəhidi Rəşad Babayevin doğum günüdür

   Bu gün Vətən müharibəsi şəhidi Rəşad Babayevin doğum günüdür
  04 İyun 2022    Oxunub:1520
Bu gün 44 günlük Vətən müharibəsi şəhidinin doğum günüdür.
AzVision.az xəbər verir ki, Babayev Rəşad Ağabəy oğlu 4 iyun 1992-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan cüdo ilə məşğul olub, yeniyetmələr arasında keçirilən yarışlarda 20-dən çox qızıl, bürünc medallar qazanaraq “Cüdo üzrə Azərbaycan Yeniyetmələr Çempionu" adına layiq görülüb.

2009-cu ildə Rəşad 277 saylı idman təmayüllü tam orta məktəbi bitirib. 2013-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. Rəşad ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Müddətdən artıq hərbi xidmətdə olub, ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin sıralarına seçilib. 2014-cü ildə XTQ-nin hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Həmin ilin 25 iyulunda kiçik gizir vəzifəsinə təyin olunub. 24 noyabr 2017-ci ildə isə gizir rütbəsini alıb. Rəşad, həmçinin hərbi hissədə qrup komandiri kimi də fəaliyyət göstərib.



Xüsusi təyinatlı qəhrəmanımız Rəşad Babayev 2019-cu ildə ailə həyatı qurub.

Mərdlikdə sərhəd tanımayan Rəşad 2016-cı ildə Türkiyənin İzmir şəhərində keçirilən “EFES-2016” beynəlxalq təlimlərinin fəal iştirakçısı olub, sertifikatla təltif edilib. 2017-ci il aprelin 30-da N saylı hərbi hissənin yaranmasının 18-ci ildönümü münasibətilə döyüş hazırlığında yüksək nəaliyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif edilib. Xüsusi təyinatlı gizir Babayev, həmçinin "Qüsursuz xidmətə görə" III dərəcəli medalı və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə də təltif edilib.

Rəşad Vətən müharibəsində Murovdağ zirvəsi, Suqovuşan, Cəbrayıl, Füzuli və Xocavənd məntəqələrinin düşməndən azad edilməsində ön sıralarda şücaət göstərib . 10 oktyabr 2020-ci ildə Xocavənd rayonu, Hadrud qəsəbəsi istiqamətində gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Rəşad Babayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.







AzVision.az


Teqlər:



Xəbər lenti