"Bu qəhrəman hərbçi rus işğalçılarına qarşı vətənimiz uğrunda ağır döyüşlərə qatılaraq saysız və böyük xidmətlər göstərib. Ağasıyev göstərdiyi şücaətə görə hətta "Ukrayna Qəhrəmanı" medalını da alıb. O, Ukrayna Silahlı Qüvvələrinin baş leytenantıdır və 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri kimi fəaliyyət göstərir. Cəsur zabit ölkəmizin fevralın 24-də Rusiyanın başlatdığı müharibədən sözün həqiqi mənasında üzüağ çıxmasına kömək edir. Baş leytenant Ağasıyevin qrupu Xarkov vilayətinin Malaya Roqan kəndi yaxınlığındakı ərazidə kəşfiyyat apararkən işğalçıların texnikasını və canlı qüvvəsini aşkar edərək məhv edib. Bunun sayəsində düşmənin mövqeləri üzə çıxıb. Məhz həmin kəşfiyyat əməliyyatından sonra məlum mövqelər artilleriya atəşi ilə məhv edilib", - saytlar yazıb.
Qeyd edək ki, mayın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli hərbçinin təltif olunması barədə sərəncam imzalamışdı. Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.
Xatırladaq ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərbaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.
Tural Tağıyev
AzVision.az