Məbud Əhmədov 44 günlük vətən müharibəsi zamanı əməliyyat masasında Qarabağ haqqında mahnı oxuyan döyüşçü kimi yaddaşlara həkk olub. Ağır yaralansa da, ən çətin məqamda hisslərini, düşüncələrini musiqi ilə ifadə edən Məbud Əhmədovun hələ uşaqlıqdan sənətə marağı olub. Sənətin sirlərini ustadlardan öyrənib. Milli Konservatoriyada ustad xanəndə, xalq artisti Arif Babayevdən dərs alıb, peşəkar səhnədə çıxış edib. Peşəkar səhnədəki ilk duetini sevilən sənətkar, xalq artisti Mələykəxanım Əyyubova ilə oxuyub. Məbud Əhmədov və Mələkxanım Əyyubova ifa etdikləri mahnılara birlikdə yeni çalarlar, yeni nəfəs gətiriblər. Proqram çərçivəsində duet ortaqları bəstəkar və xalq mahnılarından ibarət 5 kompozisiyanı tamaşaçılara təqdim ediblər. Verilişin bu dəfəki qonağı bəstəkar, xalq artisti Faiq Sücəddinov olub. Bəstəkar proqramda "Şuşam" əsərini ifa edib.
II Qarabağ müharibəsində əsgərlərimizin döyüş əzmi, məğlubedilməzliyi ilə yanaşı, həm də onların necə fitri istedada sahib olduqlarına şahidlik etdik.
Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən davamlı tədbirlər planı hazırlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin tədbirlərin icrasında, yeni layihələrin həyata keçirilməsində fəal iştirak edir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də əlilliyi olan şəxləri, Vətən müharibəsi iştirakçılarını, şəhid ailələrini, müharibə əlillərini müxtəlif sosial yönümlü layihələrə cəlb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə MTV Azərbaycan kanalının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilən “Bərabərik” telelayihəsi belə istedadlı şəxslərə yaradıcılıq meydanı açır.
Qeyd edək ki, bütün mahnılar canlı ifa olunur. Layihədə peşəkar musiqi təhsili olmayan istedadlı şəxslərə də iştirak etmək şansı verilir. İştirakçılar səsyazma studiyalarında peşəkar musiqiçilərlə məşqlərə cəlb edilir. Proqram çərçivəsində hər bir iştirakçının həyat hekayəsi, onların ifa etdikləri mahnıların tarixi barədə süjetlər yayımlanır. Layihənin məqsədi istedadı olan şəxslərə bacarığını nümayiş etdirmək fürsəti yaratmaq, onlara peşəkar səhnəyə sərbəst çıxış etmək imkanı qazandırmaqdır.
"Bərabərik" telelayihəsi 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə MTV Azərbaycan kanalının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


