Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılır.

Eyni zamanda rəsmi çimərlik olmayan ərazilər də nəzarətdən kənarda qalmayıb, RİH-lər, kommunal xidmətlər bu ərazilərin təmizliyini nəzarətdə saxlayacaqlar. Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılıb. Çimərliklərdə asayişin qorunması üçün polis orqanları gücləndirilmiş iş rejimində çalışırlar.
Hər il olduğu kimi, Bakı Nəqliyyat Agentliyi tərəfindən vətəndaşların çimərliklərə gəlişinin təminatı üçün yeni avtobus marşrutları yaradılıb, bəzi marşrutlar dəniz sahilinə kimi uzadılıb.

Həmçinin mövsümə hazırlıq işləri dənizkənarı ərazilərdə yerləşən istirahət mərkəzləri və özəl çimərliklərdə də aparılır, vətəndaşların istirahəti üçün lazımi şərait yaradılır.
Mövsüm ərzində Bakı Şəhər İcra Hakimiyyəti və onun qurumları tərəfindən çimərlik əraziləri nəzarətdə saxlanılacaq, mütəmadi monitorinqlər keçiriləcək.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


