ABŞ Səudiyyə Ərəbistanı ilə İsraili barışdırır

   ABŞ Səudiyyə Ərəbistanı ilə İsraili barışdırır
  07 İyun 2022    Oxunub:1286
Səudiyyə Ərəbistanı və İsrail ABŞ administrasiyasının vasitəçiliyi ilə iqtisadi və təhlükəsizlik əlaqələrini yaxşılaşdırmağa çalışır. Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, Səudiyyə Ərəbistanı İsraili tanımır və bu ölkə ilə diplomatik əlaqələri yoxdur.
Buna baxmayaraq, indi iki Yaxın Şərq dövləti işgüzar əlaqələr qurmaq və təhlükəsizlik sahəsində razılaşmalar əldə etmək üçün danışıqlar aparır. Belə ki, ABŞ-ın köməyi ilə iki dövlət İsrail ərazisindən uçan təyyarələrə Səudiyyə Ərəbistanının hava məkanına uçmaq hüququ verəcək saziş bağlamağa çalışır. Bundan əlavə, Tiran və Sanafir üzərində Ər-Riyadın yekun nəzarətinin yaradılmasına dair razılıqların əldə olunması imkanları müzakirə edilir.

Bu kimsəsiz adalar Səudiyyə Ərəbistanı ilə Misir arasındakı Tiran boğazında yerləşir. Boğaz İordaniyanın Aqaba limanından və İsrailin Eylat limanından Qırmızı dənizə çıxış olduğu üçün strateji əhəmiyyət kəsb edir.
Nəşrin mənbələrinə görə, israilli iş adamları artıq Səudiyyə Ərəbistanına gələ bilərlər. Ər-Riyad bu addımı ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsi çərçivəsində atıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   İsrail  



Xəbər lenti