Ermənistanın mitinq məhbusları: 10 nəfər həbs edildi

   Ermənistanın mitinq məhbusları:    10 nəfər həbs edildi
  07 İyun 2022    Oxunub:1859
İrəvanda bir neçə gün öncə Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində polislə etirazçılar arasında baş vermiş toqquşma ilə bağlı 10 nəfər həbs edilib.AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Erməni etirazçı polisi çəkiclə döydü - VİDEO
"15 nəfər təqsirləndirilən şəxs qismində prosesə cəlb edilib. Onlara qarşı kütləvi iğtişaşların təşkili maddəsi ilə ittiham irəli sürülüb. Həmin vətəndaşlardan 10-u barəsində isə həbs-qətimkan tədbiri seçilib. Daha 4 nəfər barəsində xüsusi tədbirlər seçilib ki, bunlar da azadlıqdan məhrum etmə ilə bağlı deyil, - İstintaq Komitəsinin yaydığı məlumatda deyilir. Həmçinin vurğulanır ki, bu 15 nəfərdən başqa daha bir vətəndaş saxlanılıb. Onun həbsi ilə bağlı vəsatət qaldırılıb.

Xatırladaq ki, iyunun 3-də Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı səs-işıq qumbaralarından istifadə ediblər. Müxalifət tərəfdarları isə polisə əşyalar atıblar. Nəticədə onlarla şəxs xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq   Həbs  



Xəbər lenti