Yaponiya parlamenti hökumətə etimadsızlıq göstərə bilər

   Yaponiya parlamenti hökumətə etimadsızlıq göstərə bilər
  08 İyun 2022    Oxunub:912
Yaponiyanın aparıcı Konstitusiyalı Demokratlar Partiyası (KDP) Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hökumətə etimadla bağlı qətnamə layihəsinin parlamentin müzakirəsinə çıxarılması barədə qərar qəbul edib.
Bu barədə iyunun 8-də təşkil edilən mətbuat konfransında KDP lideri Kenta İzumi bəyan edib. “Hökumət indiki bahalaşma şəraitində əhalinin həyatını qorumaq üçün real addımlar atmır. Onun siyasəti iqtisadiyyatın hiss olunacaq dərəcədə bərpasına şərait yaratmır. Bu iqtisadi fəaliyyətsizlik siyasətidir”, - deyə K.İzumi bildirib. Müxalifət lideri Yaponiyada xüsusən elektrik enerjisinin və ərzağın qiymətinin artmasına diqqət çəkib.

KDP qətnamə layihəsinin gün ərzində parlamentin müzakirəsinə çıxarılmasını planlaşdırır. Bu sənədlə yanaşı, mətbuatın cinsi təcavüzdə ittiham etdiyi parlamentin aşağı palatasının sədri Hiroyuki Hosodeyə etimadsızlıq göstərilməsi barədə qətnamə layihəsinin də müzakirəyə çıxarılacağı gözlənilir.

Hazırda KDP-nin digər müxalifət partiyaları ilə bu sənədlərin müzakirəyə birlikdə təqdim olunması barədə danışıqlar apardığı qeyd edilir. Yaponiya Kommunist Partiyasının buna artıq razılıq verdiyi bildirilir. Hakim Liberal Demokratik Partiyanın (LDP) nümayəndəsi isə KDP-nin bu addımını əsassız adlandırıb və qətnamə layihəsinin asanlıqla geri qaytarılacağını deyib.

Qeyd edək ki, hakim LDP müttəfiqləri ilə birlikdə parlamentin hər iki palatasında ciddi üstünlüyə malikdir. İctimai rəylə əlaqədar keçirilən son sorğular isə, Baş nazir F.Kişida hökumətinə dəstəyin 60 faizi ötdüyünü təsdiq edir.

AzVision.az



Teqlər:



Xəbər lenti