Mask Pekinlə sövdələşməyə gedəcəkmi?

   Mask Pekinlə sövdələşməyə gedəcəkmi?
  08 İyun 2022    Oxunub:1115
“Tesla” şirkətinin rəhbəri İlon Maskın ABŞ prezidenti Co Baydeni tənqid etməsi cavabsız qalmayıb. İlon Mask Baydenin siyasətinin Amerikanı fəlakətə sürüklədiyini bir neçə dəfə bəyan edib. Maskın fikrincə, mövcud siyasət Amerikanı parçalayacaq.
Buna cavab olaraq Bayden istehzalı formada “Maska uğurlu şəkildə aya enməyi arzu edirəm” fikrini səsləndirib. Maskın sözlərinin əksinə olaraq Bayden ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, sənaye istehsalının artdığını iddia edib.

Politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, İlon Maskın “Twitter”ə sahiblənməsi ətrafında olan gərginlik də azalmır. İlon Mask bu işə 44 milyard dollar xərcləməlidir.

- Bu sahiblənmədən ehtiyatlananlar az deyil. Belə fikirlər səslənir ki, sosial şəbəkədə fikir azadlığı məhdudlaşdırıla bilər. Bunu Maskın Çinlə yaxın əlaqələri ilə izah edirlər. Pekin “Twitter”i Çin ərazisində 2009 ildən qadağan edib. Çinlilər bu şəbəkəyə fərqli texnologilayalar istifadə etməklə qoşulurlar. Pekin buna qarşılıq Çin rejiminin siyasətini dəstəkləyən onminlərlə akkaunt vasitəsilə təbliğatını gücləndirib.

İlon Maskın Çinin müxtəlif şirkətləri ilə əməkdaşlığı mövcuddur. Mask bunun sayəsində gəlirlərini artıra bilir. Bu səbəbdən Amerikadakı mühafizəkarlar ehtiyat edirlər ki, İlon Mask “Twitter”ə sahibləndikdən sonra bu şəbəkədə Çinin siyasətini tənqid etmək, insan haqları pozuntularını işıqlandırmaq çətinləşəcək. Yəni mühafizəkarlar demək istəyirlər ki, İlon Mask Pekinlə gizli razılaşma əsasında “Twitter”də Çinin tənqidini neytrallaşdıracaq, - ekspert deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   Bayden   İlon-Mask  



Xəbər lenti